Təkəbbürlü insanların yoldan çıxardığı adamların axirətdəki vəziyyəti

Təkəbbürlü insanların ən bariz xüsusiyyətlərindən biri başqalarını da yoldan azdırmaqdır. Ayələrin birində onların bu işi «boynunu təkəbbürlə sağa-sola əyərək» etdikləri bildirilir:

«İnsanlar içində eləsi də vardır ki, heç bir şey bilmədən, haqq yolu göstərən heç bir rəhbəri və nurani kitabı olmadan Allah barəsində mübahisə edər. O, boynunu əyərək Allah yolundan çıxarmaq məqsədilə bunu edər. Onu dünyada rüsvayçılıq gözləyir, qiyamət günü isə ona cəhənnəm odunun əzabını daddıracağıq!» («Həcc» surəsi, 8-9).

Təkəbbür göstərib lovğalanan insanlar axirətdə cəhənnəmə göndərilərkən bu dünyada özünü onlara bənzədən, onlara qibtə edən və bu adamların arxasınca gedərək onlara uyan insanlar da onlarla birlikdə cəhənnəm oduna atılacaqlar. Bu adamlar malik olduqları dünyəvi üstünlüklər səbəbi ilə təkəbbür göstərib lovğalanan insanlara uymuş adamlardır. Belə insanlar içində Firon təkəbbürü daşıyan adamlar qədər azğın olmasalar da onların yolu ilə gedən iradəsiz, mənfəətpərəst, imansız, şəxsiyyətsiz insanlardır. Belə bir vəziyyətdə olan Firon qövmündən Quranda aşağıdakı şəkildə bəhs edilir:

«Firon öz qövmünə müraciət edib dedi: «Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?!
...Beləliklə, öz qövmünü yelbeyin yerinə qoydu, onlar da ona itaət etdilər. Həqiqətən, onlar fasiq bir qövm idilər!» («Zuxruf» surəsi, 51, 54).

Həyatları boyunca onlara edilmiş hər bir zülmə və ədalətsizliyə göz yuman belə insanlar təkəbbürlü insanların təsiri ilə Rəbbimizə sığınıb Ona qul olmaq haqqında düşünə bilməmişlər. Yol verdikləri ağılsız hərəkətlərini qiyamət günü başa düşsələr də artıq çox gec olur.
Hamı birlikdə Allah`ın qarşısında hesabat vermək üçün dayandığı zaman təkəbbürlü adamlar və bu adamlara uyaraq onlarla birlikdə cəhənnəmə göndərilənlər arasında mübahisələr yaranacaq:

«Küfr edənlər dedilər: «Biz nə bu Qurana, nə də ondan əvvəlkilərə inanırıq!» Kaş sən o zalımları Rəbbinin huzurunda saxlanılıb bir-birinə söz qaytardıqları və acizlərin özlərini yuxarı tutanlara: «Əgər siz olmasaydınız, biz mütləq mömin olardıq!» - dedikləri zaman görəydin. Dünyada özlərini yuxarı tutanlar da acizlərə belə cavab verərlər: «Əcəba, sizə doğru yol göstərən rəhbər gəldikdən sonra sizi ondan bizmi döndərdik? Xeyr, siz özünüz günahkar idiniz». Acizlər özlərini yuxarı tutanlara deyərlər: «Xeyr. Bəs gecə-gündüz qurduğunuz hiylələr? O zaman ki, bizə Allah`ı danmağı və Ona şəriklər qoşmağı əmr edirdiniz». Onlar əzabı gördükdə için-için peşman olarlar. Küfr edənlərin boyunlarına zəncir vurarıq. Onlar ancaq etdikləri əməllərin cəzasını çəkərlər» («Səba» surəsi, 31-33).

Ayələrdən də aydın göründüyü kimi, həm təkəbbür göstərən lovğa adamlar, həm də «yoldan azdırılanlar» günahı bir-birinin üstünə atacaq, lakin bu da onlara heç bir fayda verməyəcək. Haqqında bəhs olunan bu adamların düşdüyü vəziyyət başqa bir ayədə belə bildirilir:

«Onlar səhər-axşam odda yandırılarlar. Qiyamət qopduğu gün isə: «Firon əhlini ən şiddətli əzaba salın!», - deyiləcəkdir. O zaman onlar od içində bir-birilə çənə-boğaz olacaq, acizlər təkəbbür göstərənlərə deyəcəklər: «Biz sizə tabe idik. İndi siz cəhənnəm odunun bir hissəsini bizdən dəf edə bilərsinizmi?!»« («Mumin» surəsi, 46-47).