Bağ sahibi

Quranda əlində olan nemətlərə görə lovğalanıb təkəbbür göstərən və nəticədə əzaba düçar olan bir bağ sahibindən bəhs edilir. Bu hadisə zənginlikdən irəli gələn təkəbbürə dair ən bariz nümunədir. Bu məsələ ilə bağlı vəziyyət ayələrdə belə bildirilir:

«Onlara iki adamı mİsal gətir. Onların birinə iki üzüm bağı verib onları xurmalıqlarla əhatə etdik və aralarında əkin saldıq. O bağların hər ikisi öz barını verdi və bu bardan heç bir şey əskilmədi. Biz də onların arasından bir irmaq axıtdıq. Bu adamın başqa sərvəti də var idi. O öz yoldaşı ilə söhbət edərkən ona dedi: «Mən səndən daha dövlətli və əşirətcə səndən daha qüvvətliyəm!» O özünə zülm etdiyi halda bağına girib dedi: «Bu bağın nə vaxtsa yox olacağını güman etmirəm. Qiyamətin də qopacağını zənn etmirəm. Əgər Rəbbimin hüzuruna qaytarılsam, özümə bundan da yaxşı bir məskən taparam!»« («Kəhf» surəsi, 32-36).

Allah ayədə haqqında «bağ sahibi» deyə bəhs olunan bu insanı sınağa çəkmək üçün ona böyük sərvət vermişdi. Bağ sahibinə verilən bu nemətlər isə onun haqsız yerə lovğalanmasına səbəb olmuşdu. O, şükür edib Allah`dan bağışlanma diləmək və bunlardan Allah yolunda istifadə etmək əvəzinə lovğalıq edib təkəbbürlü ifadələr işlətmiş, həddini hətta o qədər aşmışdı ki, ağılsızcasına malının və gücünün əbədi olacağına inanmışdı.

Bu hadisə təkəbbürlü insanların məntiqinin və düşüncələrinin olduqca çürük və tutarsız olmasına açıq bir nümunədir. Bağ sahibi mülkünün əbədi olacağını iddia etdiyi halda Allah`ı açıq şəkildə inkar etmir və Onun hüzuruna çıxmaq ehtimalını da nəzərdən qaçırmırdı. Lakin bu ehtimal hətta həyata keçsə də onun Allah tərəfindən cəzalandırılmayacağını, tam əksinə, hətta mükafatlandırılacağını düşünməsi çox maraqlıdır.

Təkəbbürlü insanlarda buna bənzər psixologiyaya bu gün də rast gəlmək olar. Onlar dini açıq şəkildə inkar etməsələr də Allah qorxusundan çox uzaqdırlar. Eyni zamanda «axirətə getsələr belə» bir yolla xilas ola biləcəkləri haqqında düşünürlər. Quranda verilən bağ sahibi nümunəsi bu və buna bənzər vəziyyətdə olanların ağılsız insanlar olmasına əyani bir sübutdur. Bu adamın düşüncəsi təkəbbürünün şiddətindən korşalmış, özü isə Allah`ın sonsuz qüdrətini dərk etməmişdir.

Quranda da bildirildiyi kimi, bağ sahibinin aqibəti də bir ibrətamiz nümunədir. O, əlində olan bütün var-dövləti itirmiş, qüvvəsi heç nəyə çatmamışdı. Sonda «kaş ki» desə də bu peşmançılıq yersiz olmuş və bir nəticə verməmişdi:

«Beləliklə, onun meyvəsi tələf edildi. (Səhər o kafir bağa gəldiyi zaman onu bu vəziyyətdə görüb bağa) qoyduğu xərcə görə əllərini ovuşdurmağa başladı. Bağın talvarları yerə çöküb viran qalmışdı. O: «Kaş Rəbbimə heç kəsi şərik qoşmayaydım!» - deyirdi. Allah`dan başqa ona yardım edə biləcək kəslər yox idi və o da kömək edə biləcək bir halda deyildi» («Kəhf» surəsi, 42-43).