Firon

Allah`a qarşı təkəbbürlü və lovğa olması səbəbi ilə adı Quranda çəkilən insanlardan biri də Firondur. Quranda insanlara ibrətamiz nümunə kimi göstərilən Fironu yalnız fərd olaraq qiymətləndirmək mövzunu məhdud çərçivədə görməyimizə səbəb olardı. Fironun Quranda verilən hekayətini müxtəlif aspektlərdən qiymətləndirməkdə əsas məqsədimiz ayələrdə haqqında bəhs olunan Hz.Musa qarşısındakı Fironla bağlı məlumat verməklə yanaşı təkəbbürlü insanlarda tez-tez rast gəlinən «Firon xarakteri»ni də açıqlamaqdır.

Tarixdə belə xarakterə malik olan bir çox tanıdığımız və tanımadığımız insanlar olub. Əslində bu xüsusiyyətlər xalqa da yad deyil. Xalq arasında öz təkəbbürü və lovğalığı ilə məşhur olan azğın insanlar barədə «Firon kimidir», «Fironluq edir» ifadələri işlədilir.
Indi isə haqqında Quranda bəhs olunan Firon və onun ailəsi barədəki yazılanlara diqqət yetirək:

«Eynilə Firon nəslinin və onlardan əvvəlkilərin hərəkətləri kimi. Onlar Rəbbinin ayələrini yalan hesab etdilər, Biz də onları günahlarına görə məhv etdik. Firon nəslini batırdıq. Onların hamısı zalım idi!» («Ənfal» surəsi, 54).

Həm Fironun, həm də ondan əvvəl yer üzündən silinən qövmlərin ortaq xüsusiyyətləri onların təkəbbürlü olmalarıdır. Onların daxilindəki təkəbbür hissi Allah`ın elçisini tanımalarına və ona itaət etmələrinə mane olmuşdu. Təbii ki, onların bu hərəkətləri həm bu dünyada, həm də axirətdə əzaba düçar olmalarına səbəb oldu. Fironun təkəbbüründən danışarkən həm Quranda bəhs olunan qövmlərlə, həm tarix boyunca yaşamış təkəbbürlü insanlarla, həm də bu günümüzlə müəyyən bir əlaqə yaratmaq bu mövzunun əhəmiyyətinin üzə çıxarılmasına kömək edəcək.

Fironun və onun yaxın ətrafının Allah`ın elçisinə göstərdiyi münasibət bütün azğın qövmlərin ortaq cəhətidir. Həmin insanların qəlbi təkəbbür hissi ilə o qədər dolmuşdu ki, onlar Allah`ı və Onun elçisini tanımamış, bu təkəbbür hissi onları Allah`ın elçilərini və ayələrini hətta lağa qoymaq rəzalətinə qədər alçaltmışdı. Bu hal ayələrdə belə xəbər verilir:

«Biz Musanı Öz möcüzələrimizlə Firon və onun əyan-əşrafının yanına göndərmişdik. O demişdi: «Mən aləmlərin Rəbbinin elçisiyəm!» (Musa) möcüzələrimizlə onların yanına gələr-gəlməz onlar bu möcüzələrə lağ edib gülmüşdülər» («Zuxruf» surəsi, 46-47).

Fironun ən qabarıq xüsusiyyətlərindən biri də onun öz başçısı şeytan kimi zahiri dəyərlərə böyük əhəmiyyət verməsidir. O, öz yanlış düşüncəsi və məntiqsizliyi ucbatından hadisələri ağıllı şəkildə qiymətləndirə, bu səbəbdən də Hz.Musanın üstünlüyünü dərk edə bilməmişdi. Çünki Firona görə, üstünlüyün ölçüsü yalnız var-dövlət, güc, iqtidar və hakimiyyət kimi bəzi dünyəvi dəyərlərlə müəyyən edilir. Bu məntiqsiz və çürük dünyagörüşü Quranda belə səciyyələndirilir:

«Firon öz qövmünə müraciət edib dedi: «Ey qövmüm! Məgər Misir səltənəti, altımdan axıb gedən bu çaylar mənim deyilmi?! Məgər görmürsünüzmü?! Yaxud mən az qala aydın deyə bilməyən bu zavallı kimsədən daha yaxşı deyiləmmi?! Əgər düz deyirsə, onun üstünə qızıl bilərziklər atılmalı və onunla birlikdə bir-birinin ardınca mələklər gəlməli deyildimi?!» («Zuxruf» surəsi, 51-53).

Bu ayələrdə diqqəti cəlb edən cəhətləri təsnif edəsi olsaq, onları aşağıdakı kimi sıralamaq olar:
1. Firon üçün üstünlüyün ölçüsü təqva (Allah qorxusu) deyil, var-dövlət və sərvət etibarilə üstün olmaqdır. Həmçinin əsil-nəcabət amili də mühüm idi.
2. Peyğəmbərlərin göndərilməsinin yalnız Allah`a aid məsələ olduğunu dərk etmədiyinə görə Hz.Musanın elçi kimi göndərilməsini qəbul etməmişdi.
3. Hz.Musaya yuxarıdan aşağı baxmış, onun aşağı sinifdən (təbəqədən) olduğunu bildirmiş və danışığındakı qüsuru irad tutmuşdu. Belə ki, hər kəsdə çatışmayan bir cəhət tapmaq təkəbbürlü insanların ən başlıca xüsusiyyətlərindən biridir. Əlbəttə, onların bir insana yuxarıdan aşağı baxması həmin insanın Allah dərgahında olan qiymətini və üstünlüyünü isbat edən hadisədir.
4. Fironun üstünlük ölçüləri var-dövlət, mal-mülk və güc olduğuna görə elçi gəldiyi zaman onunla birlikdə buna uyğun özəlliklər və ya möcüzə kimi mələklər olmasını gözləmişdi.

 

Firon Hz.Musanın yanında özünü ucaltmağa çalışmışdı

Hz.Musa ilə Firon arasındakı söhbət Quranda belə bildirilir:

«İsrail oğullarını bizimlə birlikdə göndər!» Firon dedi: «Biz səni körpə uşaqkən yanımıza alıb böyütmədikmi? Sən illərcə yanımızda qalmadınmı? Axırda elədiyini də elədin. Sən nankorun birisən!» Musa dedi: «Mən onu edərkən cahillərdən idim» («Şuəra» surəsi, 17-20).

Yuxarıda qeyd olunan ayələrdə Fironun təkəbbürünün fərqli bir təzahür şəklini görürük. Hz.Musa Fironu Allah`a itaət etməyə dəvət etdiyi zaman Firon dərhal cəhalət dövrünün metodlarından istifadə etmiş, onun boynuna minnət qoymaq istəmişdi. Firon Hz.Musa uşaq ikən onu tərbiyə edib böyütdüyünü, ona zəhmət çəkdiyini, buna görə də Hz.Musanın ona borclu olduğunu demişdi. Bundan dərhal sonra isə Hz.Musanın keçmişdə - dinə görə hələ məsuliyyət daşımadığı cəhalət dövründə istəmədən etdiyi bir səhv hərəkəti ona bildirmişdi. Beləliklə, Firon Hz.Musanı sözdə alçaldıb özünün ondan və onun xalqından yüksək olması kimi məntiqsiz bir fikir söyləmişdi.

 

Fironun böyüklük arzusu ilə Hz.Musanı öldürməyə çalışması

«Firon dedi: «Buraxın məni Musanı öldürüm, qoy o da Rəbbini (köməyə) çağırsın. Doğrusu, mən onun sizin dininizi dəyişdirəcəyindən və yer üzündə fitnə-fəsad törədəcəyindən qorxuram». Musa dedi: «Mən haqq-hesab gününə inanmayan hər bir təkəbbür sahibindən həm mənim Rəbbim, həm də sizin Rəbbiniz olan Allah`a pənah aparıram!»« («Mumin» surəsi, 26-27).

Firon o qədər təkəbbürlü idi ki, o, yalnız Hz.Musanı öldürməklə rahat ola bilərdi. Onun bu lovğa hərəkəti eyni zamanda Allah`a qarşı bir üsyan idi. Əslində Firon Hz.Musanın ondan üstün olduğunu bilir, bu səbəbdən də onu öldürüb qövmünün gözündə yeganə hakim olmaq istəyirdi. Hz.Musa isə Fironun azğınlığı qarşısında gözəl davranış göstərmiş və Allah`a sığınmışdı.

Ayədə Fironun lovğalığına diqqət yetirilərkən onun hesab gününə iman gətirməməsindən də bəhs edilir. Əlbəttə, əgər bir insan Allah`ın Kitablarına, eləcə də elçiləri vasitəsilə varlığını bildirdiyi hesab gününə iman gətirmirsə, bu, həmin insanın azğınlığının və təkəbbürünün nə qədər böyük olduğunu göstərir. Lakin belə təkəbbürlü insanlar bu davranışlarının, bu lovğalıqlarının cəzasını axirətdə ən ağır şəkildə alacaqlar. Fironun da cəzalanacağı kimi...

 

Fironun tanrılıq iddiası

«Firon (istehza ilə) dedi: «Ey Haman! Mənim üçün bir uca qəsr tik ki, bəlkə, yollara yetişim. Göylərin yollarına və Musanın Allah`ını görüm. Doğrusu, mən onu yalançı sayıram!» Firona pis əməli beləcə yaxşı göstərildi. O, (haqq) yoldan çıxarıldı. Fironun hiyləsi ancaq boşa çıxdı» («Mumin» surəsi, 36-37).

«Firon dedi: «Ey əyanlar! Mən sizin üçün özümdən başqa bir tanrı olduğunu bilmirəm. Ey Haman! Mənim üçün od qalayıb palçıqdan kərpic bişir və bir qüllə tikdir ki, bəlkə, Musanın tanrısına tamaşa edim. Axı mən onu, həqiqətən, yalançı sayıram!» («Qəsəs» surəsi, 38).

Firon ayələrdə bildirilən ifadələri və Allah`a qarşı yönələn mübarizəsi ilə çox çirkin və ağılsız bir «cəsarət» nümunəsi göstərmişdi. O, həmçinin öz yanlış zənni ilə Allah`ı yalnız «göylərin Rəbbi» adlandırmışdı. Halbuki Allah göylərin, yerin və bunların arasında olanların Rəbbidir, amma Firon bunu dərk edə bilməmişdi. Firon öz aləmində özünü yerdə «tanrı» elan etdiyinə görə Allah`ın varlığını qəbul edəcəyi təqdirdə onun gücünün, hakimiyyətinin bir mənası qalmayacaqdı. Bu səbəbdən də Firon Allah`ı yalnız göylərin tanrısı, hakimi kimi göstərmək istəmişdi. Firon Allah`ı yalnız göylərdə axtarmış, lakin «Mumin» surəsindəki ayələrdə də qeyd olunduğu kimi, bu, ona yalnız iflas, zərər və itkilər gətirmişdi. Lakin Firon bu zərəri görənə qədər özünün azğın təkəbbürü səbəbi ilə lovğalanmaqda və tanrılıq iddiasında qalmaqda davam etmişdi. O, hətta yaxın ətrafındakı adamların və Hz.Musanın bu iddianı qəbul etməsi üçün güc tətbiq etməyi, hədə-qorxu gəlməyi də məqbul saymışdı. Bu məsələ ayələrdə belə bildirilir:

«Firon dedi: «Aləmlərin Rəbbi nədir? Musa: «Əgər yəqin inanacaqsınızsa, bilin ki, O, göylərin, yerin və onların arasında olanların Rəbbidir!» - deyə cavab verdi. Firon ətrafındakılara: «Eşitdinizmi?» - dedi. Musa dedi: «O sizin də, ulu babalarınızın da Rəbbidir!» Firon: «Sizə göndərilmiş peyğəmbər, şübhəsiz ki, divanədir!» - dedi. Musa dedi: «Əgər düşünə bilirsinizsə, O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!» Firon: «Əgər məndən başqa tanrı qəbul etsən, səni mütləq dustaq edəcəyəm!» -dedi»
(«Şuəra» surəsi, 23-29).

Bu ayələrdə də Fironun tanrılıq iddiası və onun Allah`a qarşı mübarizəsi ilə rastlaşırıq. Firon əvvəlcə Allah haqqında bir sual vermiş, lakin bunu xoş niyyətlə etməmişdi. Onun təkəbbürü o qədər qüvvətli idi ki, Hz.Musanın verəcəyi hər bir cavabı hətta bəri başdan rədd etmək niyyətində idi. O, hansı dəlili görməsindən asılı olmayaraq Allah`ın böyüklüyünü qəbul edə bilməyəcək bir haldadır. Hz.Musa onun suallarına cavab verdikdə, yəni Allah`ın həm keçmişdə yaşayanların, həm də o dövrdə yaşayan hər bir insanın Rəbbi olduğunu dedikdə Firon daha da azğınlaşmışdı. Bu azğınlığının nəticəsində də ona göndərilmiş elçini dəlilikdə ittiham etmiş, sonra isə onu həbs etməklə qorxutmağa çalışmışdı. Firon Hz.Musa ilə mübarizəyə başlamışdı. Lakin yalnız möminlərə xas olan ağıl onda olmadığı üçün mühüm bir məsələni - özü (yəni Firon) və onun malik olduqları da daxil olmaqla hər şeyin yeganə sahibi olan Allah`ın Hz.Musanı dəstəkləyən qüvvə olması faktını yaddan çıxarmışdı.

 

Fironun təkəbbürü onun möcüzələri görməsinə mane olurdu

Hz.Musa Fironu Allah`a iman gətirməyə çağırdığı zaman Fironun ilk şərti ondan bir möcüzə göstərməsini istəmək olmuşdu. Özünün bacarıqlı sehrbazlarına güvənən Firon bütün insanları bir yerə toplayaraq hamının gözü qarşısında hər iki tərəfin öz möcüzələrini göstərməsini tələb etmişdi. Hz.Musa sehrbazların sehr və möcüzələrini yox edincə isə Firon məğlub olmuşdu. Lakin Firon belə vəziyyətdə baş əyməli olduğu halda onun təkəbbürü daha da artmışdı.

Hz.Musanın möcüzəsi sehrbazların sehrini puça çıxarandan sonra hətta Fironun yanında olan və sehrbazların ən üstünü sayılanlar da həqiqəti görüb Allah`a iman gətirdilər. Lakin bu da Fironun getdikcə artan təkəbbürünə, onun artıq daşlaşmış ürəyinə heç bir təsir etmədi, əksinə, o, daha da azğınlaşdı və beləliklə də zora əl atmaq qərarına gəldi:

«Onlar səcdəyə qapanıb dedilər: «Biz iman gətirdik aləmlərin Rəbbinə - Musanın və Harunun Rəbbinə!» Firon dedi: «Mən sizə izn vermədən əvvəl siz ona iman gətirdiniz?» Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir. Bunun əvəzində nə edəcəyimi biləcəksiniz! Əl-ayağınızı çarpaz kəsdirəcək, sonra isə hamınızı çarmıxa çəkdirəcəyəm!»« («Əraf» surəsi, 120-124).

 

Fironun ibrətamiz aqibəti

Bu fəslin əvvəlində də bəhs olunduğu kimi, Firon yer üzündəki təkəbbürlü insanlara ən bariz nümunələrdən biridir. O, azğınlıqda məhz şeytanı özünə nümunə seçmişdi. Belə ki, Firon da əməllərinin cavabını öz başbiləni olan şeytan kimi hədsiz alçalma və təhqirlə almışdı. Üstəlik bu, elə bir alçalma idi ki, o, yalnız öz nəfsi qarşısında alçalmamışdı, Allah onu qiyamətə qədər bütün bəşəriyyət üçün bir ibrət vəsiləsinə çevirmişdir. Fironun ibrətamiz aqibəti Quranda belə bildirilir:

«İsrail oğullarını dənizdən keçirtdik. Firon və əsgərləri zalımcasına və düşməncəsinə onların arxasınca düşdülər. Firon batacağı anda: «İsrail oğullarının inandıqlarından başqa tanrı olmadığına iman gətirdim. Mən artıq təslim olanlardanam!» - dedi. İndimi? Halbuki əvvəlcə Allah`a qarşı çıxmış və fitnə-fəsad törədənlərdən olmuşdun! Səndən sonrakılara bir ibrət olsun deyə, bu gün səni xilas edəcəyik. Həqiqətən, insanların çoxusu ayələrimizdən qafildir!» («Yunus» surəsi, 90-92).

Ölüm ayağında olarkən xilas olmağın mümkün olmadığını və ölümdən qaça bilməyəcəyini görən Firon tövbə etmiş, lakin bu tövbə həqiqi olmadığı üçün ona heç bir faydası olmamışdı. O, Allah`ı və elçisini tanıya bildiyi, ona həqiqətlər təbliğ edildiyi və möcüzələr də göstərildiyi halda təkəbbür və inad göstərmişdi. Fironun lovğalanması və üstünlük iddiasında olması onu bu vəziyyətə gətirmiş, qarşı çıxdığı Allah`a son anda tövbə etməsi də ona heç bir fayda verməmişdi.

Burada başqa bir məqama da diqqət yetirmək lazımdır. Fironun Allah`ı inkar etməsinin əsas səbəbi onun təkəbbürlü olmasıdır. Firon iman gətirmək üçün lazım olan dəlilləri görmədiyi və ya dərk etmədiyi üçün yox, iman gətirməyi qüruruna sığışdırmadığı üçün inadla inkar etmişdi. Məsələn, sehrbazlarının Hz.Musanın üstünlüyünü və doğruluğunu qəbul edərək Allah`a iman gətirməsi onun üçün ən böyük dəlil idi. Hz.Musanın möcüzələri də böyük bir dəlil mənasına gəlirdi. Normal məntiqə əsasən bunları görən bir insan dərhal iman gətirməli idi.

Fironun təkəbbürü şüurunu üstələdiyinə görə isə o, normal məntiqlə düşünə bilmirdi. O, sehrbazlar iman gətirdiyi zaman «burada həqiqətən də bir qeyri-adiliyin olması» barədə düşünməmişdi. Firona ən çox təsir edən yeganə şey bu idi ki, sehrbazları bu addımı ondan icazə almadan atmışdılar. Firon azad düşüncə ilə deyil, təkəbbürünün ona verdiyi psixoloji təzyiq altında düşünürdü və buna görə də ölüm anı gəlib qüruru sınana qədər Allah`ı inkar etdi.

Fironun Allah`ı inkar etməsinə səbəb olan bu vəziyyət əslində Allah`ı inkar edən hər bir insana aiddir. Onların inkarçılığının əsası kifayət qədər dəlil görməmələrindən asılı deyil, təkəbbürləri səbəbi ilə özlərinin özlərinə etdiyi təzyiqdir. Quranda bu insanlardan belə bəhs olunur:

«Möcüzələrimiz aşkar şəkildə gəlib onlara çatdıqda: «Bu, açıq-aydın bir sehrdir!» - dedilər. Möcüzələrimizin həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər. Bir gör fitnə-fəsad törədənlərin axırı necə oldu!»
(«Nəml» surəsi, 13-14).

 

Firon qiyamət günündə öz qövmünün başında duracaq

Firon həm dünya nemətlərindən məhrum olmuş, əlindəki bütün sərvətlərini itirmiş, həm də sonsuz həyatında əbədi əzaba düçar olmuşdur. Onun təkəbbürünə səbəb olan bağçalar, bulaqlar, gözəl evlər, əkinlər, qİsaca desək, bütün dünya malı əlindən çıxmışdır. Göründüyü kimi, insanın nə qədər varlı, nə qədər böyük mal-mülkə və gücə sahib olmasından asılı olmayaraq bunları onun əlindən almaq Allah üçün çox asandır.

Belə azğın və təkəbbürlü bir insan üçün axirət əzabı da çox çətin olar. Həmçinin belə insanlara uyan və Rəbbimizi unudan adamların bu azğın əməlləri də cavabsız qalmaz. Fironun və onun əxlaqında olanların ardınca düşüb onları özünə nümunə götürən adamlar hesab günü bu hərəkətlərinin cəzasını çəkmək üçün başçıları ilə birlikdə dirildiləcəklər. Belə ki, Fironun və ona tabe olanların qiyamət günü yaşayacağı aqibət ayələrdə belə ifadə edilir:

«Firona və onun əyan-əşrafına... Onlar Fironun əmrinə tabe oldular. Halbuki Fironun əmri düzgün deyildi. Firon qiyamət günü camaatının qabağında gedib onları atəşə aparacaq. Onların düşəcəkləri yer neçə də pisdir! Onlar burada da, qiyamətdə də lənətə düçar olmuşlar. Onların qisməti necə də pisdir!» («Hud» surəsi, 97-99).

Bir qədər əvvəl də qeyd olunduğu kimi, bütün bunları sadəcə olaraq Fironun şəxsinə aid etmək doğru olmaz. Hər bir təkəbbürlü insan belə aqibətdən qorxub çəkinməlidir. Belə xarakterə və niyyətə malik olan insanlar Fironun aqibəti haqqında düşünüb öz aqibətlərinin ona bənzəməsindən qətiyyətlə çəkinməlidirlər.
Lakin bir məqama çox diqqətlə nəzər yetirmək lazımdır. Yalnız «Fironun təkəbbürü» deyil, təkəbbürün hər bir növü böyük bəladır. Çünki təkəbbür göstərmək düşüncəni kor etdiyinə görə insanın təkəbbürü özü də bilmədən arta bilər. Bir çox ayələrdə də qeyd olunduğu kimi, bu, Allah`ın sevmədiyi bir davranışdır. Bu səbəbdən də xüsusən möminlər heç bir məsələdə nəfslərinin yüksəlməsinə, lovğalanmasına, üstünlük iddiasında olmasına izn verməməlidir. Yaddan çıxarmaq olmaz ki, nəfsə verilən hətta ən kiçik fürsət də böyük fəlakətə səbəb ola bilər. İnsan özü də hiss etmədən yalnız öz düşüncələrinin doğru olması, öz davranışlarının üstün olması kimi bir lovğalıq və təkəbbür hissinə qapıla bilər. Belə ki, ən böyük lovğalıq və təkəbbürə malik olan Firon da eynilə belə bir aldanışın içində idi. Fironun bu vəziyyəti ayələrdə belə bildirilir:

«...Firon dedi: «Mən sizə ancaq münasib gördüyüm rəyimi bildirirəm, mən sizə ancaq doğru yolu göstərirəm!»« («Mumin» surəsi, 29).

Fironun öz düşüncəsinə və ağlına necə güvənməsi yuxarıdakı ayədən aydın olur. O, özü azğın bir insan olduğu halda kütlələri idarə etmək, onları öz arxasınca sürükləmək və yoldan azdırmaq istəmişdi. Firon öz dünyagörüşünə o qədər arxayın idi ki, səhv yolda olmasını hətta ehtimal da etmirdi.

Bu, bütün təkəbbürlü insanların əsas xüsusiyyətidir. Təkəbbürlü insanlar özlərinə hədsiz dərəcədə güvənir və onlardan daha yaxşı bilənin olduğunu qəbul etmək istəmirlər. Belələri özlərindən üstün olub Allah tərəfindən seçilmiş insanların varlığına isə heç dözmürlər. Öz ağlına bu şəkildə güvənib təkəbbür göstərən insanlar Fironun Quranda bildirilən vəziyyətindən ibrət dərsi almalıdır. Onun hərəkətlərinin nə qədər ağılsız olduğunu görüb vaxt varkən özlərini ona bənzətməkdən uzaq tutmalı və tövbə edərək Allah`a boyun əyməlidirlər.