Gizli təkəbbür

Təkəbbürün, yəni özünü üstün hesab etmənin başqa bir növü də gizli təkəbbürdür. Gizli təkəbbürə malik olan insanlar davranış baxımından klassik təkəbbürlü insanlardan fərqlənirlər. Onların arasında olan ən böyük fərq təkəbbürlü insanın kənardan çox asanlıqla bilinməsi, gizli təkəbbürə malik olanların isə kənardan uzun müddət tanınmamasıdır.

Təkəbbürlü insanlar öz lovğalıq və təkəbbürünü büruzə verməkdən, özlərini açıq şəkildə böyük göstərməkdən çəkinmirlər. Digərləri isə öz təkəbbürünü gizləyir. Şeytani bir düşüncəyə malik olan bu insanlar öz təkəbbür və lovğalıqlarının nəzərə çarpmaması üçün böyük səylər göstərirlər. Əlbəttə ki, burada insanın ağlına belə suallar gəlir: Bu insanlar öz təkəbbürlərini niyə gizlədirlər? Nə üçün buna belə böyük səy göstərirlər?

Bunun müxtəlif səbəbləri var. Klassik təkəbbürlü insanlardan fərqli olaraq daha ağıllı olan bu insanlar əslində nəyin doğru, nəyinsə səhv olduğunu yaxşı bilirlər. Bu səbəblə də təkəbbürün və lovğalığın digər insanlarda mənfi hisslər doğuracağını və onları təbii şəkildə əsəbiləşdirəcəyini anlayırlar. Belələri insanların etibarını qazanmağa olduqca böyük əhəmiyyət verdiklərinə görə onların etibarını itirməmək məqsədilə öz təkəbbürlərini gizləməyə üstünlük verirlər. Təvazökar olmağın bir üstünlük, bir müsbət cəhət olduğunu bildiklərinə görə də elə görünməyə çalışırlar.

Həmin insanlar inanırlar ki, gizli şəkildə «ən ağıllı», «ən haqlı» adamlar elə onların özləridir. Onlar özlərini öz gözlərində demək olar ki, tanrılaşdırır, bu halda da hər hansı bir qüsuru və ya səhvi özlərinə sığışdıra bilmirlər. Bu səbəbdən də öz daxili aləmlərini ətrafdakılara, yəni başqa insanlara bildirməməyə çalışırlar. Buna görə də özlərini təkəbbürlü göstərmək istəmir, bundan çox utanırlar. Belə adamlar yalnız Allah`dan qorxmalı, yalnız Ondan çəkinməli olduqları halda sadəcə olaraq insanların etibarını itirməkdən qorxurlar.

Belə insanların ən çox xoşladığı şeylərdən biri də insanlara öz qəlblərində, gizli şəkildə, arxada lağ etməkdir. Onlar öz nəfslərini bu yolla təmin etmək istəyirlər. Hər zaman olduğu kimi bunun da kənardan sezilməməsinə diqqət yetirirlər.

Belə adamlar öz təkəbbürlərini olduqca şeytani bir şəkildə gizlədirlər. Burada ilk öncə bunu qeyd etmək lazımdır ki, belə insanlar düşdükləri mühitdə özləri barədə ən ideal insan təsəvvürü yaratmaq istəyirlər. İnsanların onları «təmiz qəlbli» adam kimi tanıması onlar üçün həyati əhəmiyyətli məsələlərdən biridir. Bu səbəblə də özlərini qüsursuz və günahsız göstərməyə çalışırlar. Beləliklə də insanların rəğbətini və sevgisini qazanmaq, ətrafdakılar tərəfindən qiymətləndirilmək və bəyənilmək, insanların gözündə ucalmaq, bunun sayəsində isə təkəbbürlərini gizli-gizli davam etdirmək istəyirlər.

Təkəbbürlü insanların özlərini daim öyməsi və ön plana çıxarmaq istəməsi ilə müqayisədə gizli təkəbbürə malik olan adamlar ola bilsin ki, özlərini bir o qədər də öyməsinlər. Onların planları daha incə, bir qədər də dəqiq desək, daha şeytanidir. Onlar əksər hallarda başqalarının onları tərifləyəcəkləri bir şərait yaradırlar.

Belə bir təkəbbür forması çox təhlükəli olub aysberqə bənzəyir (aysberqin görünən hissəsi suyun altında qalan hissəsi ilə müqayisədə çox kiçikdir). Klassik təkəbbürlü insanların davranışları asanlıqla seçildiyindən onlardan qorunmaq, tədbir görmək mümkündür. Lakin öz təkəbbürünü gizləyən adamlarla bağlı vəziyyət bundan çox fərqlənir. Onların təkəbbürü gec hiss olunur. Beləliklə də onlara nəsihət vermək, düşdükləri vəziyyəti başa salmaq daha çətindir.

Belə insanlar bu vəziyyətə adətən yaxşı bir vəzifə, mövqe və ya böyük bir səlahiyyət səbəbi ilə düşürlər. Daha doğrusu, onların içindəki təkəbbür və lovğalıq mərəzi adətən belə hallarda şiddətlənir. Onlar belə hesab edir ki, üstün olduqlarına görə həmin məsuliyyət və səlahiyyət onlara həvalə edilmişdir. Onlara bunun əksini inandırmaq çox çətindir. Xüsusən də əgər bu vəzifədə hər hansı bir uğur qazana bilsələr, onların içindəki bu təkəbbür bütün qəlblərini bürüyər.

Gizli təkəbbürün ortaya çıxdığı bir çox başqa sahələr də var. Məsələn, zahirən təvazökar görünən bir vəzifə sahibi həmin vəzifəsini itirdikdən sonra gözlənilməz dərəcədə dəyişir, özünə qapanıb qalır, ümidsiz, əzgin və durğun bir vəziyyətə düşür. Bax, bu, onun təkəbbürünün ən mühüm əlamətidir. Təvazökar bir insan var-dövlət, mal-mülk, vəzifə kimi nemətlərin olması və ya itirilməsi hallarında öz tövrünü, davranışını, ovqatını və hərəkətlərini əsla dəyişməz. Çünki o, bunların hamısında bir xeyirin və hikmətin olduğunu bilir və hansı halda olursa olsun Allah`ın razılığını əldə etmək istəyir. Bu davranışın əksini göstərən bir insanın isə nüfuza, mövqeyə, var-dövlətə böyük əhəmiyyət verməsi, beləliklə də lovğa bir adam olması həqiqəti sübuta yetir.

Təvazökar bir insan həddən artıq sadə və səmimi bir şəxsiyyətə malikdir, onun rahatlığını əlindən alacaq heç bir cəhəti yoxdur. Lakin bunu da xüsusi qeyd etmək lazımdır ki, hədsiz təvazökarlıq göstərmək də təkəbbürün və lovğalığın mühüm əlamətlərindən biri sayılır. Çünki öz daxilində gizli şəkildə təkəbbür saxlayan bir insan təvazökarlığın təqdir edildiyi şəraitlərdə qeyri-səmimi təvazökarlıq göstərərək insanların etibarını və rəğbətini qazanmaq, onlar tərəfindən təriflənmək istəyir.

Bir qədər əvvəl də qeyd edildiyi kimi, gizli təkəbbür gözlənilməz məqamlarda ortaya çıxdığına görə mühüm bir təhlükə yaradır. Ətrafdakı adamlar ilk dəfə üz-üzə gəldikləri həmin təkəbbürlü insanın əsl siması qarşısında çaşqınlığa düşürlər. Məsələn, təkəbbürsüz və təvazökar bir adam kimi tanınan lovğa bir adam səhv etdiyi və yaxud da tənqid edildiyi bir anda çox əsəbiləşib öz hərəkətlərinə nəzarət etməyə bilər. Bunun səbəbi onun səhvinin başqa insanlar tərəfindən öyrənilməsidir, bu vəziyyət onu çox narahat edir. Onun təkəbbürünün həmin ana qədər ortaya çıxmamasının səbəbi isə şəxsi maraqları ilə ziddiyyət təşkil edən bir vəziyyətin yaranmamasıdır. Lakin indi insanların gözündə bütün etibar və nüfuzunun sarsıldığını düşünür və elə hərəkətlər edir ki, daxilindəki bütün təkəbbür və azğınlıqlar üzə çıxır.

Gizli təkəbbür özünü əxlaqi pozğunluqlarla da büruzə verir. İnsan öz qüsurlarının ortaya çıxmaması üçün yalan danışa və ya yüksəlmək üçün başqalarının qüsurlarını ortaya çıxarmağa çalışa bilər. Səhv etməkdən də möhkəm qorxar. Bir qüsuru üzə çıxdığı zaman özünü qınayaraq, məyus olaraq yaxud da ağlayaraq ona gələ biləcək mümkün təzyiqləri zərərsizləşdirməyə, beləliklə də özünü qorumağa çalışar.

Təkəbbürlü insanlar öz narazılıqlarını səssiz etiraz formalarına əl atmaqla, naz etməklə, küsməklə, ətrafında olan insanları acılamaqla ifadə edirlər. Bu səbəbdən də hər kəs bu əlamətləri gördüyü zaman sırf təkəbbür əlamətləri ilə üz-üzə olduğunu anlaya bilər. Halbuki bu qeyd olunanların əksəriyyəti gizli təkəbbürdə yoxdur. Gizli təkəbbürə malik olan insanlar kənardan baxıldığı zaman şən, qıvraq, normal insanlar kimi görünürlər. Onların gündəlik həyatlarındakı davranışları da əsasən çox təbiidir. Hətta bəzən təvazökarlığı da çox yaxşı təqlid etdiklərinə görə ətrafdakı adamlar onlara inanırlar. Lakin belə insanların ən bariz xüsusiyyəti onların özlərini elə öz gözlərində çox böyütmələridir. Onlar öz sənətlərində, məktəblərində, içində olduqları mühitlərdə və ya məşğul olduqları sahələrdə «ən yaxşı» olduqlarına inanırlar. Bu hal onların şüuraltısına möhkəmcə yerimişdir. Yuxarıda da qeyd olunduğu kimi, kənardan buna əks təsir aldıqları zaman onların əsl xüsusiyyətləri üzə çıxır, buna ani olaraq reaksiya verir, əsəbiləşirlər. Haqlarının tapdalandığını düşünərək öz içlərində qarmaqarışıq bir ruhi vəziyyət şəraitində yaşayırlar. Bu da sözügedən insanların ağrılı yerlərinin və zəif nöqtələrinin olmasına işarədir. Onların bu «sarı simi»nə toxunulduğu anda təkəbbürləri üzə çıxır, ani olaraq divanəlik dərəcəsinə çatırlar.

Gizli təkəbbürə malik olan və özlərini daim təmizə çıxarmağa çalışan insanlar qəlblərində olan təkəbbürü və lovğalığı ola bilsin ki, bir müddət gizləyə bilsinlər, lakin Allah onların qəlbində olanları yaxşı bilir və onları mütləq üzə çıxarır. Belə ki, Quran ayələrində də bu məsələyə belə diqqət yetirilir:

«Şübhəsiz ki, Allah onların gizlində də, aşkarda da nə etdiklərini bilir. Allah təkəbbür edənləri sevməz!» («Nəhl» surəsi, 23).

Haqqında bəhs olunan hər iki qrupun, yəni açıq və gizli təkəbbür sahiblərinin mühüm ortaq xüsusiyyətlərindən biri də onların qaçılmaz olan aqibətidir: onların hər ikisinin sonu cəhənnəmdir. Açıq və gizli şəkildə olmasından asılı olmayaraq dünyada Rəbbimizə qarşı təkəbbür göstərənlərin hansı aqibətlə qarşılaşacaqları Quranın bir çox ayəsində bildirilmişdir. Bu ayələrdən biri aşağıdakı kimidir:

«Haydı, girin əbədi qalacağınız cəhənnəmin qapılarına. Təkəbbürlülərin məskəni necə də pisdir!» («Nəhl» surəsi, 29).