Allahı inkar edən qövmlər

Bura qədər də bəhs etdiyimiz kimi, qövmlərin bütün inkarçı başbilənləri hər bir dövrdə eyni azğınlıq və üsyankarlıqla ortaya çıxmışdı. Bu inkarçı başbilənlər onları doğru yola dəvət etmək üçün Allah`ın göndərdiyi elçiləri təkəbbür göstərərək yalançı hesab etmiş, onlara qarşı çıxaraq doğrunu inkar etmişdilər. Onlar Allah`a qarşı olduqlarına görə də bunun cavabını bu dünyada və axirətdə buna müvafiq şəkildə almışlar.

İndi isə inkarçıların aparıcı simalarının Quranda haqqında bəhs olunan qövmlərə və onlara göndərilmiş peyğəmbərlərə qarşı olan davranışlarını bir-bir nəzərdən keçirək.

Nuh qövmü

Nuh qövmünün aparıcı inkarçıları da tarixdəki oxşarları kimi olduqca lovğa və təkəbbürlü idilər. Hz.Nuh onları dinə dəvət etdiyi zaman onların arasından çox az sayda insan onun bu dəvətinə cavab vermişdi. Buna baxmayaraq Hz.Nuh onların axirət əzabına düçar olmaması üçün böyük səy göstərmişdi. Lakin Hz.Nuhun bütün səylərinin müqabilində qövmünün ona cavabı belə olmuşdu:

«Nuh tayfasının kafir əyan-əşrafı dedilər: «Biz səni ancaq özümüz kimi adi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!»« («Hud» surəsi, 27).

Azğın ifadələrindən təkəbbürləri asanlıqla sezilən bu adamlar Hz.Nuhun yanındakı insanları da təhqir etmişdilər. İnkarçıların fikrincə, üstünlük yalnız var-dövlətə, mal-mülkə, çoxlu övlada, mövqe və vəzifə cəhətdən yüksək olmağa bağlı bir nəsnədir və buna görə də onlar peyğəmbərə tabe olan möminlərdə də bu xüsusiyyətləri axtarmışdılar. Əsl üstünlüyün əxlaqla, Allah`a olan yaxınlıqla bağlı olduğunu isə heç düşünməmişdilər. Nuh qövmünün öz elçilərinə münasibətdə istifadə etdiyi təkəbbür və lovğalıq dolu davranış üsulu aşağıdakı ayələrdən açıq şəkildə görünür:

«Onlar dedilər: «Ey Nuh! Bizimlə çənə-boğaz olub çox mübahisə etdin. Əgər doğru danışanlardansansa, bizi təhdid etdiyin əzabı gətir görək!»« («Hud» surəsi, 32).


«Bunlardan əvvəl Nuh qövmü təkzib etmiş və bəndəmizi yalançı sayıb: «Divanədir!» -demişdilər. Ona rİsaləti təbliğ etmək qadağan edilmişdi» («Qəmər» surəsi, 9).


Hz.Nuh öz qövmünün bütün bu çirkin davranışının müqabilində ona qarşı çox səbrli olmuş, haqqa dəvət etmək kimi vəzifəsini tamamilə səmimi şəkildə yerinə yetirmişdi. Lakin onların düzəlib doğru yola gəlməyəcəklərini dərk etdiyi zaman qövmünün təkəbbürü ilə bağlı Allah`a şikayət etmiş və Ondan kömək istəmişdi:

«O dedi: «Ey Rəbbim! Mən qövmümü gecə-gündüz dəvət etdim! Lakin dəvətim onların qaçmalarını daha da artırmaqdan başqa bir şeyə yaramadı. Sənin onları bağışlamağın üçün mən nə zaman onları dəvət etdimsə, onlar barmaqlarını qulaqlarına tıxadılar, libaslarına büründülər, İsrar edib durdular və təkəbbür göstərdilər. Sonra mən onları uca səslə dəvət etdim. Daha sonra onlara aşkar və gizli bildirdim»«
(«Nuh» surəsi, 5-9).

«Nuh dedi: «Ey Rəbbim! Onlar mənə qarşı çıxdılar və mal-dövləti, oğul-uşağı özlərinə ziyandan başqa bir şey artırmayan kimsələrə tabe oldular. Çox böyük bir hiylə qurdular. Və dedilər: «Öz tanrılarınızı tərk etməyin, xüsusilə Vəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!» Onlar çoxlarını yoldan çıxartdılar. Sən də ancaq onların zəlalətini artır!» Nuh dedi: «Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma!»« («Nuh» surəsi, 21-24, 26).

Hz.Nuhun bu duasından sonra Allah ona cavab vermiş, Hz.Nuh qövmünün təkəbbür göstərməsinə və öz elçisini yalançı hesab etməsinə görə ona bu dünyada və axirətdə əzab vermişdir:

«Onlar öz günahlarından dolayı suda boğdurulub cəhənnəmə daxil edildilər və özlərinə onları Allah`dan qurtaracaq köməkçilər də tapa bilmədilər!» («Nuh» surəsi, 25).

Ad qövmü

Allah Ad qövmünə peyğəmbər kimi Hz.Hudu göndərmişdi. O da qövmünü Allah`ın yoluna dəvət etmiş, lakin başqa peyğəmbərlər kimi böyük azğınlıq və inkarla qarşılaşmışdı. Ad qövmünün təkəbbürü Quranda aşağıdakı kimi bildirilir:

«Ad qövmünə gəlincə, onlar yer üzündə nahaq yerə təkəbbür göstərib dedilər: «Bizdən daha qüvvətli kim ola bilər?!» Məgər onlar düşünmədilərmi ki, özlərini yaratmış olan Allah onlardan daha qüvvətlidir?! Onlar ayələrimizi inkar edirdilər» («Fussilət» surəsi, 15).

Allah`a münasibətdə göstərilən belə bir təkəbbür azğınlığın ən yüksək səviyyəsidir. Çünki inkarçılar heç bir varlığın cəsarət göstərə bilməyəcəyi bir şeyi etməyə cürət etmişdilər. Onlar öz güc və qüvvələrini elə öz gözlərində o qədər böyütmüşdülər ki, qəlbləri həqiqət qarşısında kor olmuş, hətta ən asanlıqla sezilən bir həqiqəti də ayırd edə bilməmişdilər. Allah`ın onlara verdiyi və hər an onların əlindən ala biləcəyi bir qüvvə ilə Allah`a və peyğəmbərinə qarşı çıxmışdılar. Bunların müqabilində isə həm bu dünyada, həm də qiyamət günündə lənətlənmişdilər. Bu həqiqət ayələrdə belə bildirilir:

«Bu da Ad tayfasıdır! Onlar Rəbbinin ayələrini inkar etdilər, Onun peyğəmbərlərinə qarşı çıxdılar, başlarının üstündə duran hər bir inadkar böyüyün əmrinə tabe oldular. Və beləliklə, dünyada da, qiyamət günündə də lənətə  uğradılar. Bilin ki, Hud tayfası Rəbbini inkar etmişdi. Xəbəriniz olsun ki, Hudun tayfası Ad Allah`ın mərhəmətindən kənar oldu» («Hud» surəsi, 59-60).

Səmud qövmü

Allah Hz.Salehi Səmud qövmünə peyğəmbər kimi göndərmişdi. Hər bir peyğəmbər kimi Hz.Saleh də öz qövmünü haqqın yoluna dəvət etmiş, həqiqətləri görə bilmələri üçün onlara yaradılışlarını xatırlatmışdı. Lakin qövmü onu davamlı olaraq yalançı hesab etmişdi. Bu hadisə Quranda belə ifadə edilir:

«Səmud təhdidləri yalan saymışdı. Onlar demişdilər: «Məgər biz özümüzdən olan bir adamamı tabe olacağıq?! Biz onda haqq yoldan azmış və dəlilik etmiş olarıq! Məgər içərimizdən vəhy yalnız onamı nazil olmuşdur?! Xeyr, o, yalançının, lovğanın biridir!»« («Qəmər» surəsi, 23-25).

Diqqətlə baxanda aydın olur ki, peyğəmbərin özləri kimi bir insan olması inkarçıların üzərində ən çox durduğu məsələlərdən biridir. Onların primitiv məntiqinə görə, arxasınca gedəcəkləri peyğəmbər adi insandan üstün bir varlıq (mələk kimi) olmalı və ya möcüzə göstərməlidir. Çünki onların azğın təkəbbürü özləri kimi adi bir insana tabe olmalarına izn vermirdi. Bu səbəbdən də inkarçılar elçiləri yalançılıqda ittiham edib onlara iftiralar atdılar.

İsrail oğulları

Quranda qövm kimi haqqında ən çox bəhs olunan xalq İsrail oğullarıdır. Ayələrdə Allah`ın onlara verdiyi nemətlər qarşısında nankorluq etmələri səbəbi ilə tez-tez qeyd edilmiş bu camaat tarixə azğın bir qövm kimi düşmüşdür. Tarixə hadisələrin ardıcıllığı baxımından nəzər yetirəndə bu qövmün Allah`ın mərhəmətinə və bağışlayıcı olmasına baxmayaraq davamlı şəkildə təkəbbür və inadkarlıq göstərməsi olduqca heyrətləndirici olaydır.

Məlum olduğu kimi, İsrail oğulları bir vaxtlar bütün dünyaya üstün tutulacaq qədər bol nemətlər almış və onlardan bunun müqabilində yalnız «Allah`ın vədinə sadiq qalmaları» tələb olunmuşdu. İsrail oğulları onlara bu qədər nemət verən Allah`a itaəti və sədaqəti həvəslə yerinə yetirmək əvəzinə Rəbbimizin əmrlərindən misli görünməmiş şəkildə imtina etmiş, həddi aşaraq öz nəfslərinə zülm etmişdilər:

«...Rəbbin tərəfindən sənə nazil edilən onlardan bir çoxunun yalnız azğınlığını və küfrünü artıracaqdır...» («Maidə» surəsi, 68).


«...Biz onların arasına qiyamət gününə qədər davam edəcək düşmənçilik və kin saldıq. Onlar müharibə alovu yandırdıqca Allah onu söndürər. Onlar yer üzündə fitnə-fəsad törətməyə çalışarlar. Allah isə fitnə-fəsad törədənləri sevməz!» («Maidə» surəsi, 64).

Allah bu qövmü istər nemətlərlə, istərsə də əziyyətlərlə bir neçə dəfə sınaqdan keçirdiyini Quranda bildirmişdir.
Məlum olduğu kimi, İsrail oğulları qövmü Fironun dövründə qul kimi işlədilən və özünün bu vəziyyətini Fironun qurduğu əzazil sistem səbəbilə yüz illər boyunca dəyişə bilmədən qalmış bir xalq olmuşdur. Hegemon olan Fironun əxlaq sistemi və hökmranlıq anlayışı olduqca mürtəce və əzazil bir idarəetmə üsulundan qidalandığına görə İsrail oğulları yüz illər boyunca həmin despotik quruluşun içində əzilmiş, ayədə də ifadə edildiyi kimi, çarəsiz qalaraq «qadınlarına toxunmayıb oğlan uşaqlarının boynunu vuran» bu quruluşa tabe olmuşdular. Bu böyük sınağın sonunda Allah Hz.Musanı kölə vəziyyətində olan bu qövmə peyğəmbər kimi göndərmiş və onlara «dənizin iki hissəyə ayrılması» möcüzəsini göstərərək Fironun əzazil hakimiyyətindən xilas etmişdir:

«Ey İsrail övladı! Sizə bəxş etdiyim nemətimi və bir vaxtlar sizi bütün aləmlərdən üstün tutduğumu yadınıza salın!
Firon əhli sizə ən ağır işkəncələr verdikləri, oğlan uşaqlarınızı boğazlayıb, qadınlarınızı sağ buraxdıqları zaman Biz sizi onların əlindən xilas etdik. Bunlarda Rəbbiniz tərəfindən böyük bir imtahan var idi.
Biz sizdən ötrü dənizi yarıb sizə nicat verdik və Fironun adamlarını siz baxa-baxa suda qərq etdik» («Bəqərə» surəsi, 47, 49, 50).

Qəlbi daş bağlamamış hər bir insan tərəfindən böyük bir şükür vəsiləsi kimi qiymətləndiriləcək bu hadisə İsrail oğullarının qəlbində Allah qorxusu səbəbi ilə bir yumşaqlıq yaratmaq əvəzinə bir rahatlığa və özündənrazılığa səbəb olmuşdu. Bu böyük möcüzə nəticəsində imanlarının qat-qat artması əvəzinə bu qövm aradan bir müddət keçdikdən sonra Hz.Musanın yoxluğunu fürsət bilərək azğınlıq etmişdi. Onlar inanılmaz dərəcədə azğınlaşaraq buzovu Allah`a şərik qoşmağa cürət etmişdilər:

«Musa sizə açıq-aydın dəlillər gətirmişdi. Siz isə onun ardınca buzova sitayiş edərək zülm etdiniz. Yadınıza salın o vaxtı ki, Biz sizdən əhd alıb, Tur dağını üzərinizə qaldırmış və: «Sizə verdiyimizdən möhkəm yapışın, eşidin!» -demişdik. Onlar isə: «Eşitdik və qarşı çıxdıq (əməl etmədik)!» - dedilər. Çünki küfirləri üzündən buzovun məhəbbəti qəlblərini bürümüşdü. Onlara de: «Əgər iman gətirmisinizsə, imanınızın sizə belə əmr etməsi necə də pisdir!»« («Bəqərə» surəsi, 92-93).

Quranda bütün insanlara ibrət kimi göstərilən bu qövmün azğınlığı və Allah`a qarşı təkəbbürü təkcə bu hadisə ilə bitmir. Allah`ın onları bağışlamasını qiymətləndirə bilməyib öz azğınlıqlarını davam etdirən bu qövmlə bağlı bir çox başqa nümunələr də var.
Məsələn, Allah İsrail oğullarının Ona şükr etməsi üçün onlara bir-birinin ardınca nemətlər vermişdi. Bütün bunların müqabilində isə onlardan yalnız nemətlərlə dolu olan şəhərin qapısından içəri daxil olan zaman səcdə etmələrini istəmişdi. Lakin onlar öz nəfslərinə zülm etmiş və Allah`a qarşı üsyana qalxmışdılar:

«Yadınıza salın ki, üstünüzə buludla kölgə saldıq və: «Ruzi olaraq verdiyimiz halal şeylərdən yeyin!» - deyərək sizə qüdrət halvası və bildirçin göndərdik. Onlar isə Bizə deyil, ancaq özlərinə zülm etmiş oldular. Xatırlayın ki, sizə: «Bu kəndə girin, bəyəndiyiniz yerdə, istədiyiniz şeyləri rahatlıqla yeyin və buranın qapısından səcdə edən halda «hittə!» («bizi bağışla!») söyləyərək daxil olun, Biz də günahlarınızı bağışlarıq. Biz yaxşı əməl edənlərin savabını artıracağıq», - demişik. Özlərinə zülm edənlər onlara deyilən sözü başqası ilə dəyişdirdilər, Biz də o zalımlara etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik» («Bəqərə» surəsi, 57-59).

Buna dair başqa bir nümunə isə onlara «Allah`ın verdiyi ruzilərdən yeyib-için, yer üzündə azğınlıq edərək fəsad törətməyin» deyildiyi zaman Hz.Musaya yalnız bir yeməklə kifayətlənməyəcəklərini demələridir. İsrail oğullarının Allah`ın verdiyi yeməklərlə razı olmayıb başqa yeməklər tələb etməsi Allah`ın onlar üçün seçib bəyəndiyi dini dərk etməməsinin bariz nümunəsidir. Onların bu bəsit davranışı, nankorluğu və bu dünyada aldıqları cəza Quran ayələrində aşağıdakı kimi ifadə edilir:

«Xatırlayın ki, siz: «Ya Musa! Biz eyni təama heç vaxt dözməyəcəyik! Rəbbinə dua et ki, bizim üçün torpağın bitirdiyi şeylərdən -tərəvəzindən, sarımsağından, mərciməyindən və soğanından yetirsin!» -dediniz. Musa da cavabında: «Siz xeyirli olan şeyləri bu cür alçaq şeylərlə dəyişdirmək istəyirsiniz? (O halda) şəhərlərdən birinə gedin, istədiyinizi orada taparsınız!» -demişdi. Onlara zəlillik, miskinlik damğası vuruldu və Allah`ın qəzəbinə düçar oldular. Bu onların Allah`ın ayələrini inkar etdiklərinə və peyğəmbərləri haqsız yerə öldürdüklərinz görə idi. Bu onların asi olduqlarına və həddi aşdıqlarına görə idi» («Bəqərə» surəsi, 61).

Onların başqa bir çirkin davranışı isə peyğəmbərləri vasitəsilə Allah tərəfindən göndərilmiş bir əmrə çirkin danışıq tərzi ilə cavab verməsi olmuşdur. Onların işlətdiyi söz və ifadələr təkəbbür və hörmətsizliklərini üzə çıxarmışdır:

«Yadınıza gətirin o vaxtı ki, Musa öz qövmünə: «Allah sizə bir inək kəsmənizi əmr edir!» -dedi. Onlar isə: «Bizi məsxərəyəmi qoyursan?» - dedilər». Musa da: «Allah Özü məni cahil olmaqdan saxlasın!» - dedi» («Bəqərə» surəsi, 67).


«Ey camaatım! Allah`ın sizin üçün əzəldən müəyyən etdiyi müqəddəs torpağa daxil olun, geri dönməyin, yoxsa zərər çəkmiş halda geri dönərsiniz» («Maidə» surəsi, 21).


«İsrail oğulları dedilər: «Ey Musa, nə qədər ki, onlar oradadırlar, biz ora girməyəcəyik. Sən və Rəbbin gedib onlarla vuruşun. Biz isə burada oturacağıq».» («Maidə» surəsi, 24).


İsrail oğullarının Allah`ın və peyğəmbərin əmrlərinə qarşı çıxaraq belə cürətli ifadələr işlətməsi iman gətirən ağıllı insanların ibrət almasına vəsilə olmuşdur. Çünki inkarçıların özlərinin bu davranışları ilə axirətdə böyük əzab görəcəkləri hamıya məlumdur. Allah İsrail oğullarının onları belə ciddi üsyana qaldıran azğın məntiqləri və görəcəkləri cəza haqqında Quranda belə hökm vermişdir:

«Allah`ın Öz qullarından istədiyi şəxsə lütf etməsinə həsəd aparmaq Onun göndərdiyini inkar etməklə vicdanlarını satmaları nə qədər də pisdir! Bununla onlar Allah`ın qəzəbi üstünə bir qəzəb də artırdılar. Kafirləri zəliledici əzab gözləyir!» («Bəqərə» surəsi, 90).

Ayələrdən də aydın olduğu kimi, onların belə davranışının yeganə səbəbi təkəbbürlü olmaları idi. İsrail oğulları peyğəmbərliyin onlara yox, başqasına göndərilməsinə qısqanclıq hissi ilə yanaşmış, elçilərin üstün olduğunu qəbul etməmişdilər. Onlar yalnız özlərinin ən üstün olmasını istəyirdilər. Qİsası, İsrail oğullarının bütün bu inadkarlığının, ziddiyyət və çəkişmə yaratmasının və özlərinə diqqət çəkməsinin səbəbi onların təkəbbürlü olmasıdır. Beləliklə, İsrail oğulları tarixə öz peyğəmbərlərinə problemlər yaradan və onlara əzab verməyə çalışan qövm kimi düşdü. Əlbəttə, onlar bu hərəkətlərinin cavabını aldılar və doğru yoldan azan və əbədi əzaba məhkum olan da yenə özləri oldular:

«Xatırla ki, bir zaman Musa öz qövmünə demişdi: «Ey qövmüm! Mənim Allah`ın sizə göndərilmiş peyğəmbəri olduğumu bildiyiniz halda, niyə məni incidirsiniz?» Onlar üz döndərdikdə Allah da onların qəlblərini döndərdi. Allah fasiqləri doğru yola yönəltməz!» («Səff» surəsi, 5).

İsrail oğulları yalnız Hz.Musaya qarşı deyil, Allah tərəfindən göndərilmiş bütün elçilərə qarşı təkəbbür göstərmiş, bu təkəbbürləri səbəbi ilə elçiləri bəzən hətta öldürmüşdülər:

«Hər dəfə ürəyinizə yatmayan bir əmrlə gələn peyğəmbərə təkəbbürlük göstərmirdinizmi? Məhz buna görə də onların bir qismini təkzib etdiniz, bir qismini isə öldürdünüz» («Bəqərə» surəsi, 87).

İsrail oğulları təkəbbürlərindən irəli gələn azğın davranışlarını sonralar da davam etdirmiş, Hz.Davudun dövründə onlara «məlik» (rəhbər) kimi göndərilən Taluta münasibətdə həddini aşan inkarçıların hərəkətlərinə bənzər bir şəkildə davranmışdılar:

«Peyğəmbəri onlara dedi: «Allah Talutu sizə padşah göndərdi». Onlar isə: «Biz hökmdarlığa daha layiq ikən və ona var-dövlət verilmədiyi halda, o necə bizə padşah ola bilər?» - deyə cavab verdilər. Peyğəmbər onlara dedi: «Allah sizdən ötrü onu bəyənib seçmiş, elm və bədəncə ona üstünlük vermişdir. Allah Öz mülkünü istədiyinə verər. Allah (lütf və kərəmi ilə) genişdir, biləndir!»« («Bəqərə» surəsi, 247).

İsrail oğullarına verilən möcüzələrin hətta bircəsi də iman gətirən insanın bütün ömrü boyuncakı davranışlarında Allah qorxusunu hiss etməsi üçün kifayət edəcəkdir. Halbuki İsrail oğulları dəfələrlə rəhm edilib bağışlanmalarına baxmayaraq daim ağılsızlıq etmiş və azğın həyat tərzi keçirmişdilər. Buradakı həqiqət də odur ki, Allah pis əxlaqının müqabilində bu qövmün şüurunu və gözlərini bağlamış, qulaqlarını kar etmişdir. Yol verdikləri azğınlıqlarla tarixə düşmüş İsrail oğullarının axirətdə alacaqları cəza da Quranda bildirilmişdir. Qeyd olunduğu kimi, bu qövm ona verilən nemətlərə görə lovğalanmaqda, onların yalnız özlərinə aid olduğunu düşünməkdə, təkəbbür göstərməkdə və yer üzündə fitnə-fəsad törətməkdə bütün təkəbbürlü insanlara ibrətamiz bir nümunədir.

Hz.Muhəmmədin (s.ə.v.) qövmü

Peyğəmbərimiz (s.ə.v.) də qövmünə göndərildiyi zaman onlara Allah`ın elçisi olduğunu və ona itaət etmələrinin lazım gəldiyini bildirmişdi:

«De: «Ey insanlar! Mən Allah`ın sizin hamınıza göndərilmiş peyğəmbəriyəm. O Allah ki, göylərin və yerin hökmü Onundur, Ondan başqa heç bir tanrı yoxdur. O dirildir və öldürür. Buna görə də Allah`a, eləcə də Onun Allah`a və Allah`ın sözlərinə inanan və ümmi peyğəmbər olan Rəsuluna iman gətirin və ona tabe olun ki, doğru yolu tapa biləsiniz!»« («Əraf» surəsi, 158).

Aydın olduğu kimi, Peyğəmbərimiz (s.ə.v.) qövmünə göndərildiyi zaman onları Allah`a itaət etməyə, doğru yola gəlməyə dəvət etmişdi. Qövmü isə onun bu təbliğinə belə cavab vermişdi:

«Onlar belə dedilər: «Xeyr, bu qarma-qarışıq yuxulardır; xeyr, onu özü uydurmuşdur; xeyr, o bir şairdir. Qoy əvvəlki peyğəmbərlərə köndərilən möcüzələr kimi bizə bir möcüzə kətirsin!»« («Ənbiya» surəsi, 5).

Qövmünün belə cavab verməsinin səbəbi onların Peyğəmbərimizin (s.ə.v.) dediklərini dərk etməməsi deyildi. Bu cavab qövmün azğınlığının bir təzahürü idi. Başqa qövmlər kimi onlar da Hz.Muhəmmədi (s.ə.v.) öz təkəbbür və lovğalıqları ucbatından inkar etmişdilər. Qövmdəki inkarçıların vəziyyəti Quranda belə ifadə edilir:

«Onlara: «Allah`dan başqa heç bir tanrı yoxdur!» -deyildiyi zaman təkəbbür göstərirdilər. Və: «Biz heç divanə bir şairdən ötrü tanrılarımızı tərk edərikmi?!» -deyirdilər» («Saffat» surəsi, 35-36).

Eynilə keçmiş qövmlərdə olduğu kimi Məkkə müşrikləri də yenə də öz təkəbbür və lovğalıqlarına görə Hz.Muhəmmədin (s.ə.v.) peyğəmbərliyini qəbul etmədilər. Əslində özləri də həqiqətin belə olmadığını bildikləri halda Peyğəmbərimizə (s.ə.v.) şair adı qoşdular. Həmçinin Peyğəmbərimizin (s.ə.v.) dediklərinin onun yalnız özünə məxsus olması iddiasını irəli sürdülər, yəni bu mübarək elçinin yalançı olması iftirasını dilə gətirdilər.
Onların bu iftirasının əvvəlki qövmlərin sözlərinə bu dərəcədə bənzəməsi isə bunun Allah`ın dəyişilməyən bir qanunu olduğunu göstərir. Lakin Allah`ın dəyişilməyən başqa bir qanunu da var. Bu da elçiləri inkar edən, təkəbbür göstərən və lovğalanan qövmlərə əzab vermək, onları bu dünyada və axirətdə alçaltmaqdır.

Hər bir qövmün öz elçilərinə qarşı istifadə etdiyi ifadələrin bir-birinə bənzəməsi çox diqqətçəkicidir. Aralarında yüz illərlə zaman fərqinin, mədəni və coğrafi fərqlərin olması da heç nəyi dəyişdirmir. Özlərinin lovğalığı və təkəbbürü ucbatından həqiqətləri görə bilməyən, görsələr də özlərini görməzliyə vuran inkarçılar hər dövrdə eyni xarakterə malik olmuş, eyni nümunələri göstərmiş, eyni fikirləri müdafiə etmişlər. Əlbəttə, onların aqibəti də eyni olmuş və öz təkəbbürləri müqabilində alçaldıcı əzab görmüşlər.

Quranda biz insanlara öz davranışlarının müqabilində axirət əzabından əvvəl bu dünyada da əzabla cəzalandırılmış bir çox qövmlər haqqında bilgilər verilir. Bura qədər haqqında bəhs olunan qövmlərdən başqa Eykə, Mədyen, Hicr, Rəss xalqları, Lut qövmü həmin qövmlərdən yalnız bir neçəsidir. Bunlardan əlavə, adları, yaşadıqları dövrlər, coğrafi mövqeləri bilinməsə də bir çox qövmlərin həlak edilərək yer üzündən silinməsi və elə həmin səbəblə də onlara cəza verilməsi də mütləq bir həqiqətdir:

«Neçə-neçə məmləkəti zülm etdiyi üçün məhv etdik; onlar alt-üst olmuşdu. Neçə-neçə quyular, neçə-neçə möhtəşəm qəsrlər bomboş qalmışdı» («Həcc» surəsi, 45).