Şeytanın insanları yoldan çıxarması

Şeytanın məntiqsiz düşüncəsinə əsasən onun alçalmasına insan səbəb olmuşdur. O da Allah`ın hüzurundan qovulmazdan əvvəl bu vəziyyətə düşməsinə səbəb olan insanı özü kimi azdırıb ondan intiqam almaq üçün Allah`dan müəyyən bir möhlət istəmişdi. Beləliklə, şeytan qısqandığı, özündən üstün olmasını istəmədiyi insanı müxtəlif yollarla doğru yoldan azdıracaq və bu, onun Allah qarşısında təkəbbür göstərməsinə səbəb olacaqdı. Şeytan özü alçaldıldığı bir halda insanın üstün olması onun təkəbbürünə sığışmayan bir vəziyyətdir. Quranın şeytan haqqında olan hekayəsində bu hadisə belə bildirilir:

«Allah: «Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?» - deyə buyurdu. (İblis:) «Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!» - dedi».
Allah buyurdu: «Oradan aşağı en. Orada sənə təkəbbür göstərmək yaramaz. Çıx, çünki sən alçaqlardansan!»
İblis dedi: «Mənə qiyamətə qədər möhlət ver!»
Allah buyurdu: «Sən möhlət verilənlərdənsən!»
İblis dedi: «Sən məni azdırıb yoldan çıxartdığın üçün mən də Sənin düz yolunun üstündə oturub insanlara mane olacağam! Sonra Onların qarşılarından və arxalarından, sağlarından və sollarından gələcəyəm və Sən onların əksəriyyətini şükr edən görməyəcəksən!»
(«Əraf» surəsi, 12-17).

Bu hadisədən sonra İblisin insana qarşı mübarizəsi başlandı. Bundan sonra İblis ona verilən möhlət ərzində insanları Allah yolundan çəkindirəcək, bu məqsədlə də hər bir yoldan istifadə edəcək və insanların əksəriyyətini özünə tabe edəcəkdi. Belə ki, Quranda həqiqətən də əksər insanların şeytana tabe olduğu və bu səbəbdən də çox alçaldıldığı bildirilir. Həmin andan sonra İblis insan nəslindən olan bir çoxlarını yolundan azdırdı və öz tərəfinə çəkdi. Onun özü kimi cinlərdən də bir çox köməkçiləri oldu.

İblisin köməkçiləri olan bu cinlər və insanlar da onun kimi şeytani sifətə malikdirlər. «Şeytan» sözünün kökü «uzaq olmaq» kəlməsindən gəlir və bu söz təkəbbür göstərərək Allah`ın rəhmətindən qovulub uzaqlaşdırılmış hər bir yolundan azmış və günahkar olan bəndənin əsl sifətini müəyyən və ifadə edir. Bu cin və insanlar İblisin yolu ilə gedir, özləri təkəbbür göstərərək yoldan azdıqları kimi başqa insanları da düz yoldan azdırmaq istəyirlər. Quranda həmin cin və şeytanlardan belə bəhs olunur:

«Beləcə, Biz hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar aldatmaq məqsədilə  bir-birinə təmtəraqlı sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!»
(«Ənam» surəsi, 112-113).

Şeytanın təkəbbürü eyni zamanda onun yoldan azdırdığı, özünə tabe etdiyi, özünə bənzətdiyi insanların da ən böyük əlamətidir. Təkəbbür şeytanın möhürü və imzası kimi bir şeydir. Şeytan öz nəzarəti altına aldığı, özünə tabe etdiyi adamları məhz bunun vasitəsilə damğalayır.

Buradan da aydın olduğu kimi, öz təkəbbürü səbəbi ilə Allah`ın hüzurundan qovulmuş şeytanın sözügedən xəstəliyi insanlar üçün böyük bir təhlükə törədir. Çünki şeytan insanı özünə yaxınlaşdırmaq üçün ilk növbədə öz xəstəliyini bu insanlara yoluxdurur. Lovğalıq və təkəbbürlülük kimi pis xəstəliyə tutulan insanın ağlı və şüuru qapalı olur, onun bəsirət gözü kor olur. Bu səbəbdən də möminlər Quranda şeytanın tamamilə əksinə olaraq sadəliyə, səmimiliyə və gözütox olmağa sövq edilmişlər:

«...Sizin tanrınız yalnız bir olan Allah`dır. Yalnız Ona təslim olub itaət edin. Sən də itaət edənlərə müjdə ver!» («Həcc» surəsi, 34).

Şeytanın təsiri müxtəlif formalarda ortaya çıxa bilər. Məlum olduğu kimi, şeytan Allah`ın ona verdiyi nemətlərdən Rəbbimizə yaxınlaşmaq və Ona şükr etmək üçün istifadə etmək əvəzinə elə həmin nemətlər sayəsində azğınlaşıb yoldan azmışdır. Şeytan Allah`ın sadəcə olaraq bircə dəfə diləməsi ilə onu yox edəcəyini düşünmədən Allah`ın əmrinə qarşı çıxmışdır. Bu xüsusiyyət şeytana tabe olan insanlarda özünü daha açıq şəkildə büruzə verir. Məsələn, bir insan zahirən dinə xidmət etmiş kimi görünə bilər. Lakin insan bu xidməti ona yalnız Rəbbi tərəfindən verilmiş və nəticədə ona Allah`ın razılığını qazandıracaq bir imkan kimi qiymətləndirməlidir. Əks halda insanın bunu Allah`ın nəzarəti olmadan, öz gücünə əldə etdiyi bir uğur kimi təsəvvür etməsi və bununla öyünməsi səhv olardı. Çünki əldə etdiklərini özünə aid etmək və malik olduğu xüsusiyyətlərlə lovğalanıb öyünmək şeytana və ona tabe olanlara xas olan bir cəhətdir. Belə ki, malik olduğu zənginliyi öz şəxsi əməyinin nəticəsi sayan, bununla lovğalanıb «Bu mənə yalnız məndə olan elm sayəsində verilmişdir» («Qəsəs» surəsi, 78) deyən Qarun yolundan azması səbəbi ilə Allah tərəfindən cəzalandırılmış insanlara dair mühüm bir örnəkdir.

Unutmaq olmaz ki, şeytan insana özünü hiss etdirmədən, yəni çox hiyləgərcəsinə yaxınlaşır. O bu zaman lazım gələndə çox asta şəkildə, ehtiyatla hərəkət edir, tələsmir. Özünü yüksək tutmaq kimi təlqinini insanlara uzun müddət ərzində və bir çox müxtəlif hadisənin timsalında çox asta-asta edə bilir. Əgər insan şeytanın bu üsulu qarşısında ayıq-sayıq olmasa, həmin təlqinlərin təsiri bir müddət sonra get-gedə artıb böyüyəcək. Məsələn, əldə edilən kiçik bir müvəffəqiyyətdən sonra şeytan insana mütləq müəyyən şeyləri təlqin etmək istəyəcək. Həmin təlqinlər nəticəsində insanlar ola bilsin ki, «bu işi mən gördüm, mən çox bacarıqlıyam, çox qabiliyyətliyəm» kimi bəzi ifadələri işlətməsinlər. Lakin şeytanın burada işə saldığı taktika həmin sözləri açıq şəkildə dedizdirmək əvəzinə o hissləri insanın qəlbinə salıb ona daxilən təsir etməyə çalışmaq kimi bir hiyləyə əl atmaqdan ibarətdir. Əgər insan bu müvəffəqiyyətin tək sahibinin Allah olduğunu qəlbən hiss etməsə, o, şeytanın arasıkəsilməz vəsvəsələri, hiylələri və təlqinləri nəticəsində bir müddət sonra bütün uğurların yalnız özünə aid olmasına qəlbən inanmağa başlayacaq.

İnsanın həmin ruhi vəziyyəti bir qədər də davam edərsə, təkəbbür onun bütün xarakterinə hakim kəsiləcək. Artıq yalnız öz bildiyini edən, özü göstəriş verən, «öz əli öz əməli» olan, ağlını başqa insanların ağlından üstün tutan bir insan tipi ortaya çıxmış olur. Yəni insanın daxilindəki özünü üstün tutma mərəzi üzə çıxır. Belə bir psixologiyaya qapılan insanın ruhunda zaman keçdikcə çox ciddi zədələr əmələ gəlir. Bir müddət sonra isə onun qəlbi Allah`ın ayələrinə qarşı etinasız olur. Belə ki, Quranda yalnız təkəbbür göstərməyənlərin Allah`ın ayələrinə iman gətirə biləcəkləri bildirilir:

«Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər («Səcdə» surəsi, 15).