öminlərin təvazökarlığı

Quranda xəbər verilən «Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər» («Səcdə» surəsi, 15) ayəsindən də aydın olur ki, imanın ən mühüm şərtlərindən və ən bariz əlamətlərindən biri təkəbbür göstərməməkdir. Möminlər isə «Səcdə» surəsindəki bu ayəyə əsasən və Allah`ın lovğalanıb təkəbbür göstərən insanları sevməyəcəyini («Nİsa» surəsi, 36) bildiklərinə görə daim təvazökarlıq göstərirlər:

«Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər» («Furqan» surəsi, 63).
Din əxlaqı özü ilə bərabər Allah`a səmimi şəkildə iman gətirməyi və Ona təslim olmağı, təslimiyyət isə həmin möminin öz acizliyini və zəifliyini dərk etməsini gətirir. Hər şeyin Allah`a aid olduğunu və özlərinin də Onun qarşısındakı çatışmazlıq və qüsurlarını, zəiflik və acizliklərini bilən möminlər Rəbbimizin yaratdığı digər bəndələrə qarşı da təbii olaraq bir təvazökarlıq göstərirlər.

Təkəbbürün və təvazökarlığın ən çox insanlar arasındakı münasibətlərdə ortaya çıxdığını demək əslində səhv olmazdı. Təkəbbür bəndənin Allah qarşısında lovğalanması, özünü böyük tutması olduğu halda yenə də əsasən insanlara qarşı göstərilir. Çünki birbaşa Allah`a qarşı təkəbbürlü olmaq çox az insanın cürət edəcəyi bir dəlilikdir. Bu, Firona və azğınlıqdan gözü bağlanan onun kimi insanlara xasdır. Bunun əksinə olaraq təkəbbürlü insanların çoxu bu günahı Allah`a qarşı etsələr də əslində Allah`a qarşı açıq şəkildə təkəbbür göstərmirlər, təkəbbürlərini əsasən Allah`ın bəndələrinə qarşı göstərirlər.
İblis də onlardan biridir. O da Hz.Adəmə səcdə etməyi qəbul etməmişdi. İblis Allah`ın sonsuz qüdrətini bilib tanıdığı üçün Onun qarşısında açıq şəkildə üstünlük iddiasına düşməsi qeyri-mümkün idi. Lakin İblis Allah`ın «Adəmə səcdə et» əmrini öz qüruruna sığışdırmamış, Hz.Adəmə qarşı təkəbbür göstərmişdi ki, bu da əslində Allah`a qarşı üsyan etmək demək idi. Dolayısı ilə belə deyə bilərik ki, Allah qarşısında böyük bir günah sayılan təkəbbürün üzə çıxdığı məqam bir insanın başqaları ilə olan münasibətidir.

Əlbəttə, təvazökarlıq da elə eyni şəraitdə yaranır. Möminlər Allah`a səmimi surətdə boyun əymələrini Onun mömin bəndələrinə qarşı göstərdikləri təvazökarlıqla büruzə verirlər. Çünki onlar malik olduqları xüsusiyyətlərin heç birinin özlərinə aid olmadığını bilirlər. Buna görə də daim şükr edir və Allah`ın onların əlində olan hər şeyi dilədiyi andaca geri ala biləcəyini əsla yaddan çıxarmırlar. Onları yaradan əbədi qüdrət sahibinin əzabından qorxur və sığınacaqları yeganə qüvvənin yenə də Allah olduğunu bilirlər. İman gətirmiş möminlərin bu səmimi və itaətkar ruhi vəziyyəti və Allah qorxusu ayələrin birində belə ifadə edilir:

«De: «Məni Allah`dan heç kəs qurtara bilməz və mən də Ondan başqa heç bir sığınacaq tapa bilmərəm!» («Cinn» surəsi, 22).

Bütün bu səbəblərə görə də imanlı insanların mənəvi durumu, davranışları, fiziki xüsusiyyətləri təkəbbürlü insanlarda olanlardan tamamilə fərqlənir. İman gətirməyən inkarçıların təkəbbür göstərdikləri vəziyyətlərdə möminlərin sərgilədiyi davranış metodlarını aşağıdakı kimi sıralaya bilərik.

Allah qarşısında aciz olduqlarını bilirlər

Özlərinin var-dövləti, gözəlliyi, gəncliyi və nüfuzu ilə, ümumiyyətlə, əllərində olan bütün şeylərlə dünyada əbədi qalmaq istəyən təkəbbürlü insanlar əbədi (baqi) varlığın yalnız Allah olduğunu, Onun ən böyük güc sahibi və ən üstün varlıq olmasını dərk edə bilmirlər. Buna görə də çirkin bir şəkildə Allah`ın ayələrinə qarşı çıxmağa cürət edirlər.

Möminlər isə daim Allah`ın böyüklüyünü dərk etməyə çalışırlar. Buna görə də bütün varlıqlarla birlikdə aciz olduqlarını bilirlər. Onlar inkarçı insanların davranışının əksinə olaraq qəlbləri titrək şəkildə Allah`dan qorxur və Rəbbinə qarşı olan acizliklərini dilə gətirməkdən çəkinmirlər:

«De: «Mən Allah`ın istədiyindən başqa özümə nə bir xeyir, nə də bir zərər verə bilərəm. Əgər qeybi bilsəydim, sözsüz ki, (özüm üçün) daha çox xeyir tədarük edərdim və mənə pislik də toxunmazdı. Mən iman gətirən bir tayfanı ancaq qorxudan və müjdələyənəm!»«
(«Əraf» surəsi, 188).

Heç nəyi Allah`a şərik qoşmurlar

«Insanların içərisində Allah`dan qeyrilərini şərik qoşub, onları Allah`ı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allah`a məhəbbəti daha qüvvətlidir. Əgər (özlərinə) zülm edənlərin vaxtında görəcəkləri əzabdan xəbərləri olsaydı, onlar bütün qüdrətin Allah`a məxsus olduğunu və Allah`ın əzabının şiddətli olacağını bilərdilər» («Bəqərə» surəsi, 165).

Allah`dan başqasını qəbul edənlər Ona əsasən öz nəfslərini, istək və arzularını, pullarını və gözəlliklərini, var-dövlətlərini və sahib olduqları başqa şeyləri şərik qoşurlar. Belə insanlar hər şeyin həqiqi sahibinin Allah olduğunu dərk edə bilməzlər. Bunun da ən mühüm səbəbi onların təkəbbürlü olmalarıdır.
Möminlər isə Allah`dan başqa heç bir tanrının olmadığına qəti bir şəkildə iman gətirirlər. Bir şey istədikləri zaman onu verən qüvvənin yalnız Allah olduğunu bilirlər. Yəni yeganə dostlarının və köməkçilərinin onları yaradan Uca Allah olduğunu dərk edirlər. Möminlər Rəbbimizin onlara verdiyi saysız-hesabsız nemətlərə görə yalnız Ona könüldən boyun əyir və daxildən gələn səmimi bir təslimiyyətlə məhz Uca Yaradana iman gətirirlər.

Möminlərin Allah`a qarşı olan bu səmimi münasibəti və təslimiyyəti «Firon kimi təkəbbürlü» insanlarla onların arasında kəskin bir təzad yaradır. Çünki təkəbbürlü insanlar öz acizliklərinin dərəcəsini dərk edə bilməzlər. Möminlər isə «Ey insanlar! Bir məsəl çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah`dan qeyri ibadət etdiyiniz bütlər heç bir milçək də yarada bilməzlər - lap hamısı bunun üçün bir yerə yığışsa belə! Əgər milçək onlardan (bütlərin üstündə olanlardan) bir şey götürüb aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, istənilən də!» («Həcc» surəsi, 73) ayəsinə qəti şəkildə iman gətirdiklərinə görə heç nəyi özlərinə əsla aid etmir, hər şeyə qüvvəsi çatan iqtidar sahibinin yalnız Allah olduğunu bilirlər.

 

Allah`ın elçilərinə itaət edirlər

«Biz onları əmrimizlə doğru yola gətirən rəhbərlər etdik. Biz onlara xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik. Onlar yalnız Bizə ibadət edirdilər» («Ənbiya» surəsi, 73).

Allah kafirlər üçün onları cəhənnəm oduna çağıran insanlar yaratdığı kimi möminlər üçün də onları doğru yola yönəldən başçılar göndərmişdir. Rəbbimiz elçilərini göndərdiyi qövmlərə də onları doğru yola dəvət edən bu başçılara itaət göstərməyi əmr etmişdir. Lakin haqqında Quranda bəhs olunan qövmlərdə gördüyümüz kimi, bu cəmiyyətlərin bir çoxu və həmin cəmiyyətlərin içindəki «qövmün başbilənləri» qəlblərindəki təkəbbür səbəbilə elçilərə qarşı çıxmış, onları tanımamış, onlara qarşı üsyan etmişdilər. Möminlər isə «Biz hər bir peyğəmbəri, ancaq ona Allah`ın iznilə itaət olunsun deyə, göndərdik...» («Nİsa» surəsi, 64) ayəsinin də buyurduğu kimi, elçilərə itaət etməyin Allah`ın bir əmri olduğunu bilirlər. Bu səbəbdən də elçilərə göstərilən itaət Allah`a səmimi iman gətirməyin, Ona təslim olmağın və təkəbbür göstərməməyin ən mühüm əlaməti hesab edilir. «Fəth» surəsinin 9-cu ayəsində də bildirildiyi kimi, iman gətirən möminlər həyatları boyunca elçiləri müdafiə edib dəstəkləyir və onlara qarşı dərin hörmət bəsləyirlər.

Səhvə yol verəndə inadkarlıq göstərmirlər

Möminlər Allah qarşısındakı acizliklərini və bu dünyada onlara verilmiş çatışmazlıq və qüsurlarını qəbul etdiklərinə görə səhv etməkdən qorxmurlar. Bu adamlar ortaya böyüklük iddiası ilə və təkəbbürlə çıxmadıqlarına görə qüsur və səhvlərinin olması onlara mənfi təsir etmir. Çünki onlar başqa insanlar qarşısında «nüfuzumu qoruyum» dərdi çəkmirlər, yeganə məqsədləri yalnız Allah`a qul olmaq, Onu razı salmaqdır.
Möminlər hər hansı bir səhvə yol verdikləri zaman dərhal səmimi şəkildə tövbə edir və Allah`a yönəlirlər. Onların Quranda verilən bir duası bunun ən bariz nümunəsidir:

«Allah hər kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyər. Hər kəsin qazandığı yaxşı əməl də, pis əməl də özünə aiddir. Möminlər deyirlər: «Ey Rəbbimiz, unutduqda və ya yanıldıqda bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkiləri yüklədiyin kimi, bizi ağır yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi bizə yükləyib daşıtdırma! Bizi əfv edib bağışla, bizə rəhm et! Sən bizim ixtiyar sahibimizsən. Kafirlərə qələbə çalmaqda bizə kömək et!»« («Bəqərə» surəsi, 286).

Təkəbbürlü və lovğa insanların öz səhvlərinin və qüsurlarının üzə çıxmasından çox qorxmalarından, tənqid ediləndə hiddətlənmələrindən və bunu qəbul etmədiklərindən əvvəlki fəsillərdə də bəhs etmişdik. Möminlər isə bunun əksinə olaraq səhvə yol verəndə və ya qüsurları onlara deyiləndə bunu dərhal qəbul edir, Allah`dan bağışlanma diləyirlər. Onlar belə vəziyyətə düşəndə əsla təkəbbür göstərmir, lovğalanmır və deyilənlərlə razılaşırlar:

«O müttəqilər ki, bir günah iş gördükləri, yaxud özlərinə zülm etdikləri zaman Allah`ı yada salıb günahlarının bağışlanmasını istəyərlər. Axı günahları Allah`dan başqa kim bağışlaya bilər? Və onlar etdiklərini bildikdə bir daha ona qayıtmatmazlar» («Ali-İmran» surəsi, 135).

Azğın təkəbbür sahibi olan insanların tam əksinə olaraq möminlər onlara xüsusilə də ayələrlə bağlı bir cəhət xatırladılanda bunu dərhal qəbul edirlər. Belə ki, «Səcdə» surəsində möminlərin bu xüsusiyyəti onların ayələrə imanının bir əlaməti kimi bildirilir:

«Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər» («Səcdə» surəsi, 15).

Sahib olduqları şeylərə görə hədlərini aşmırlar

Təkəbbürlü insanların yolundan azmasına səbəb olan amil Allah`ın onları sınamaq üçün verdiyi xüsusiyyət və imkanlardır. Onlar malik olduqları imkanlara görə həddi aşıb tamamilə haqsız yerə təkəbbür göstərirlər. Möminlər isə hansı şərtlər daxilində yaşamalarından asılı olmayaraq öz davranış və əxlaqlarını dəyişmirlər. Onlar var-dövlətə, sərvətə və gücə malik olub-olmamalarından asılı olmayaraq həmişə təvazökar və gözəl xarakterə malik olurlar. Quranda möminlərdən belə bəhs edilir:

«O kəslər ki, əgər onları yer üzündə yerləşdirsək, namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allah`a aiddir» («Həcc» surəsi, 41).

Möminlərin əllərindəki imkanlara görə dəyişməmələrinə, həddi aşmamalarına ən gözəl nümunələrdən biri Hz.Yusifdir. Əlində böyük vəzifə, mal-mülk olan və elm sahibi olan Hz.Yusif bütün bu imkanların Allah`ın izni ilə mümkün olduğunu bilmiş və bu vəziyyətdə yenə də Rəbbinə yönəlmişdi. Hz.Yusifin təvazökarlığı, Allah qarşısındakı təslimiyyəti və səmimi imanı aşağıdakı ayədə belə bildirilir:

«Ey Rəbbim! Sən mənə səltənətdən bir pay verdin. Mənə sözlərin yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünyada da, axirətdə də mənim ixtiyar sahibimsən. Mənim canımı müsəlman olaraq al və məni əməlİsalehlərə qovuşdur!»« («Yusif» surəsi, 101).

Onlar bu dünyanı deyil, axirəti seçirlər

Güclü təkəbbür hissinə malik olan insanlar dünyaya sıx bağlı olurlar. Onlar malik olduqları imkanlarla birlikdə sanki əbədi yaşayacaqlarına inanırlar. Allah`ı və axirət gününü heç bir zaman ağıllarına belə gətirmək istəmirlər. Buna görə də əslində Allah tərəfindən onlara verilən və əsla onlara məxsus olmayan mal-mülk, var-dövlət, gözəllik və imkanlar ucbatından daim təkəbbür göstərirlər. Möminlər isə əsasən axirəti seçir və dünyada olanların müvəqqəti olduğunu bilirlər. Quranda əməlİsaleh möminlər haqqında belə bildirilir:
«Biz yurdu (axirət yurdunu) anmaq xislətini onlara məxsus elədik» («Sad» surəsi, 46).

Möminlər həmçinin dünyaya gəlmələrinin səbəblərini, burada sınağa çəkildiklərini və Allah`ın razılığını qazandıran işlər görməli olduqlarını bilirlər. Ayələrdə də ifadə edildiyi kimi, onlar «dünyanı verib əvəzində axirəti satın alanlar»dır («Nİsa» surəsi, 74). Onlar bu dünyada malik olduqları sərvət və imkanlarla təkəbbür göstərməyi deyil, Rəbbinə qul olmağı üstün tuturlar. Möminlərin bu dünyada mallarını və canlarını qurban verərək axirəti qazanması «Tövbə» surəsinin 111-ci ayəsində belə ifadə edilir:

«Allah, şübhəsiz ki, Allah yolunda vuruşub öldürən və öldürülən möminlərin canlarını və mallarını Tövratda, İncildə və Quranda haqq olaraq vəd edilmiş cənnət müqabilində satın almışdır. Allah`dan daha çox əhdə vəfa edən kimdir? Etdiyiniz sövdəyə görə sevinin. Bu, böyük qurtuluşdur (uğurdur)!» («Tövbə» surəsi, 111).

Heç kimi lağa qoymurlar

Möminlər təkəbbürlü insanların başqalarını lağa qoymaq, adamları təhqir edib ələ salmaq kimi xüsusiyyətlərinin əksinə olaraq belə bir hərəkətə əsla yol vermirlər. Onlar bunun yalnız təkəbbürlü insanlara aid olduğunu bilirlər. Çünki əsl üstünlük mal-mülklə deyil, təqva (Allah`dan qorxub çəkinməklə) ilədir. Kimin daha təqvalı, Allah`a bağlı insan olmasını isə yalnız Allah bilir. Təkəbbürlü insanların başqalarını lağa qoymaq xüsusiyyəti Quranda pislənir, bütün möminlər bundan çəkindirilir:

«Ey iman gətirənlər! Bir qövm digərini lağa qoymasın. Ola bilsin ki, onlar (lağa qoyulanlar) o birilərindən (lağa qoyanlardan Allah yanında) daha yaxşı olsunlar. Qadınlar da bir-birinə rişxənd eləməsinlər. Bəlkə, onlar o birilərindən (rişxənd edənlərdən) daha yaxşıdırlar...» («Hucurat» surəsi, 11).

Şeytanın yolu ilə getmirlər

Allah iman gətirən insanları ən böyük düşmənlərindən Quranda aşağıdakı kimi çəkindirir:

«Ey insanlar! Yer üzündəki şeylərin təmiz, halal olanlarını  yeyin. Şeytanın izi ilə getməyin! Həqiqətən, o sizinlə açıq-açığına düşməndir» («Bəqərə» surəsi, 168).

«Ey iman gətirənlər! Şeytanın yolunu tutub getməyin! Kim Şeytanın getdiyi yolla getsə, o, çirkin, pis işlər görməyi əmr edər...»
(«Nur» surəsi, 21).

Şeytanın ardınca gedən adamlar yalnız qəlblərində olan üsyan və təkəbbür arzuları səbəbi ilə Allah`ın əmrinə qarşı çıxmaqdan zövq alan insanlardır. Şeytan Allah`ın gözəl gördüyü hər şeyi onlara çirkin və çətin göstərməyə çalışır, beləliklə də insanları bir-birinə qarşı qoyub onları bir-birinin üstünə salışdırır, Allah`ın qadağan etdiyi və çirkin saydığı şeyləri isə insanlara bəzəkli və cazibədar göstərir. Bunlar şeytanın qurduğu ən böyük tələlərdir. Qəlbində təkəbbür, başqalarından fərqlənmək, üsyan etmək arzusu olan insanlar da şeytanın ardınca gedirlər.

Gözəl xarakterə malik olan itaətkar möminlər isə Allah`ın əmrlərinə etinasız yanaşmırlar. Belə qətiyyətli olmaları nəticəsində şeytanın təhriklərinə və vəsvəsələrinə uymayan yeganə cəmiyyət möminlərin cəmiyyətidir. Onlar şeytanın vəd etdiyi boş sözlərə və hiylələrə aldanmır, Qurana sıx bağlı olurlar. Şeytan möminlərə təsir etməyə çalışan zaman dərhal Rəbbimizə sığınıb həqiqəti görür və şeytanın vədlərinin boş bir yalan olduğunu anlayırlar. Çünki onlar Allah`ın rizasını və axirəti qazanmağı üstün tuturlar. Onların dünyadakı yeganə məqsədləri də budur. Məqsədlərinə çatmaq üçün seçdikləri bu yolda son dərəcə əzmkarlıq nümayiş etdirirlər. Çünki öz dünyəvi və nəfsani məqsədlərinə Allah`ın rizasına zidd olacaq şəkildə tabe olacaqları təqdirdə özlərinə zülm edəcəklərini anlayırlar.

Təkəbbürlü insanlara baş əymirlər

Əvvəlki fəsillərdə də qeyd olunduğu kimi, Fironun qövmü içində insanların əksəriyyəti Fironun qorxusundan iman gətirməsə də bir qrup insan Hz.Musaya tabe olmuşdu. Firon onların oğlan uşaqlarını öldürüb qadınlarına toxunmadığına görə şübhəsiz ki, bu azsaylı qrupu böyük təhlükə gözləyirdi. Üstəlik Firon o qədər qəddar bir insan idi ki, onun yanındakı sehrbazlar Hz.Musaya tabe olub Allah`a iman gətirdikləri zaman Firon onların əllərini və ayaqlarını çarpaz şəkildə kəsib sonra da asmaqla hədələmişdi. Səmimi möminlər isə bütün bu ağır şərtlərə baxmayaraq Hz.Musaya tabe olmaqdan az da olsa çəkinməmişdilər:

«Fironun və əyanlarının bəlası qorxusundan Musaya öz qövmündən yalnız kiçik bir dəstə iman gətirdi. Çünki Firon o yerdə hakim idi. O, həddi aşmışdı» («Yunus» surəsi, 83).

Göründüyü kimi, başqa insanların iman gətirməməsi möminlərə mənfi təsir etmir, əksinə, onların şövqünü və həvəsini daha da artırır. Çünki ayələrdə insanların çox az bir hissəsinin iman gətirəcəyi əvvəlcədən bildirilmişdir. Həmçinin iman gətirənlərin inkarçılarla sınağa çəkiləcəklərindən də bəhs edilmişdir. Belə olan halda möminlər içində «Firon təkəbbürü» gəzdirən lovğa və inkarçı başbilənlərin bütün əməli və mənəvi təcavüzləri qarşısında haqq yolundan çəkinmir, imanlarından qalmırlar. Aşağıdakı ayədə də bildirildiyi kimi, eyni zamanda belə insanların zülmlərinə də boyun əymirlər:

Neçə-neçə peyğəmbər olmuşdur ki, bir çox dindarlarla birlikdə vuruşmuşlar. Onlar Allah yolunda başlarına gələnlərə görə nə ruhdan düşmüş, nə zəifləmiş, nə də düşmənə boyun əymişlər. Allah səbir edənləri sevir. (Ali İmran surəsi / 146)

Cənnətlə müjdələniblər

Inkarçılar Allah`ın onlara verdiyi imkan və nemətlər sayəsində həddini aşıb azğınlaşdıqları halda möminlər azğınlığın və təkəbbürün Allah dərgahında sevilməyən bir hərəkət olduğunu bilirlər. Möminlər sadə və səmimi şəkildə davranaraq Allah`ın rizasını qazanmağa çalışırlar. Onlar Allah rizası üçün olan bu əxlaqlı davranışlarını bütün həyatları boyunca və bütün insanlara münasibətdə göstərirlər. Möminlər nəfslərinə zidd olan hallarda və ya çətinliyə düşdükləri anda da ətraflarındakı insanlara qarşı təvazökar davranış və gözəl əxlaq nümunəsi göstərirlər. Çünki onlar üçün ən mühüm məsələ Allah`ın razılığıdır. Möminlər Allah`ın hər an hər şeyi gördüyünü bildikləri üçün bu məsələdə çox diqqətlidirlər. Bunun müqabilində sadə, səmimi və gözü-könlütox olduqlarına görə Allah onları cənnətlə müjdələmişdir:

«Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. Bu, vəd olunduğunuzdur. O, hər bir qayıdan, qoruyan. Rəhmandan görmədən qorxan və haqqa dönmüş qəlblə gələn bəndə üçündür! Ora sağlıqla daxil olun. Bu, əbədiyyət günüdür!» («Qaf» surəsi, 31-34).

Təvazökarlığın sirri

Möminlərin Quranda təsvir edilən bütün bu xüsusiyyətlərinə baxanda görürük ki, təvazökarlıq imanın təbii nəticəsidir. Belə ki, Quranda iman gətirənlərdən bəhs olunarkən təvazökarlığın onların təbii haləti olduğu bildirilir. Yəni möminlər özlərini təvazökar göstərməyə çalışan insanlar deyil, bu, onların daxili səviyyəsindən və mənəviyyatından irəli gəlir. Ayələrin birində möminlərdən bəhs olunarkən «O Rəhmanın bəndələri yer üzündə sadə gəzib-dolaşır və cahillər onlara müraciət etdiyi zaman onlarla «salam» deyərlər» deyə bildirilir. Ondan sonra gələn ayədə isə bu təbii təvazökarlığın səbəbi belə izah edilir:
«Onlar gecəni Rəbbi üçün səcdə və qiyam (namaz) içində keçirər» («Furqan» surəsi, 64).

Yəni möminlərin təvazökarlığı onların Allah qarşısındakı təslimiyyətinin bir nəticəsidir. Sadəlikləri, səmimiyyətləri, gözütox olmaları onların dünyanın sirrini bilməsindən, yəni Allah`ın varlığını və gücünü dərk etməsindən irəli gəlir.

Yəni bu kitabda haqqında danışdığımız həqiqi təvazökarlıq yalnız və yalnız imanla əldə edilir. Həqiqi təvazökarlığın imandan kənar olan bir yolla əldə edilməsi isə qeyri-mümkündür. Çünki iman gətirməyən insanların həyatında olan «təvazökar» insanlar əslində «sınmış» və məzlum insanlardır. Bu dünyada dünyəvi dəyərlər yeganə ölçü olduğu üçün həmin dəyərləri əldə edənlər təkəbbür göstərib lovğalanır, onları əldə edə bilməyənlər isə mənən məzlum, sınmış, əzilmiş və ümidsiz bir xarakterin daşıyıcısına çevrilirlər. Bu halda varlı adamlar həmişə təkəbbürlü, yoxsullar isə həmişə yazıqdırlar. Belə məzlumluq isə həqiqi təvazökarlıqdan, yəni xalis sadəlikdən çox uzaqdır.

Qurandakı Qarun hekayəti bizə bu məsələdə mühüm bir nümunə verir. Ayələrdə Qarunun varlı olmasına görə təkəbbür göstərməsindən bəhs olunarkən digər tərəfdən də özünü Qaruna bənzədən və onun kimi ola bilmədikləri üçün təəssüf hissi keçirən insanlardan danışılır. Bu iki qrupdan kənarda qalan adamlar isə imanın sirrini dərk etmiş əməlİsaleh insanlardır:

«Qarun öz zinəti içində xalqının qarşısına çıxdı. Dünyaya həris olanlar dedilər: «Kaş ki, Qaruna  verilən bizə də veriləydi. Həqiqətən, o, böyük bəxt Sahibidir!» Elm verilmiş kəslər isə belə dedilər: «Vay halınıza! İman gətirib yaxşı əməl edən kimsə üçün Allah`ın mükafatı daha yaxşıdır. Buna yalnız səbr edənlər qovuşarlar!» Nəhayət, onu sarayı ilə birlikdə yerə gömdük. Allah`a qarşı ona yardım edə biləcək bir camaat da yox idi. O özü də özünə heç bir kömək edə bilmədi. Dünən onun yerində olmaq istəyənlər ertəsi gün səhər belə deyirdilər: «Vay! Sən demə, Allah Öz bəndələrindən istədiyinin ruzisini artırarmış da, azaldarmış da! Əgər Allah bizə lütf etməsəydi, yəqin ki, bizi də yerə gömərdi. Sən demə, kafirlər nicat tapmayacaqlarmış!» Biz bu axirət yurdunu yer üzündə təkəbbürlük etməyənlərə və fitnə-fəsad törətməyənlərə qismət edirik. Ən gözəl aqibət ancaq Allah`dan qorxub pis əməllərdən çəkinənlərindir!» («Qəsəs» surəsi, 79-83).

Özlərini Qaruna bənzədən adamlar bəlkə də Qarun qədər təkəbbürlü və lovğa deyil, hətta bəlkə də «əzilmiş» və «məzlum» insanlardır. Lakin onlar Qarunun yerində olsaydılar, onun kimi təkəbbür göstərəcəkdilər. Çünki onlar da Qarun kimi sərvətin əsl sahibini və Onun gücünü dərk etməmişlər. Onlar bunu yalnız Qarunun həlak edilməsi ilə dərk etmişlər.

Həqiqi təvazökarlığa malik olan insanlar isə «elm sahibi olan», yəni dünyanın sirrini dərk edən möminlərdir. Onlar Qarunun malik olduğu şeylərin vacib olmadığını bildiklərinə görə özlərini Qaruna bənzətməmişdilər. Möminlərə hətta Qarun kimi bir zənginlik də verilsəydi belə onlar yenə də öz fədakarlıqlarını və təvazökarlıqlarını əsla dəyişmədən həyatlarına davam edəcəkdilər.

Beləliklə, Qarunun hekayəti haqqında danışılan bu «elm sahibləri», ümumən bütün möminlər üçün bir nümunədir. Onlar əsl təvazökarlığın yalnız Allah`a qul olmaqla əldə ediləcəyini və Allah`ın da yalnız belə insanlara nemət verəcəyini insanlara öyrədirlər. Çünki onlar «yer üzündə təkəbbür göstərməyənlər və azğınlıq etmək istəməyənlər»dir. Bu insanlar onlara verilən nemətlərə təkəbbürlə deyil, şükrlə cavab verirlər.