Qövmlərin başçıları

Qurandan da bizə aydın olduğu kimi, Allah`ın göndərdiyi elçiləri inkar edənlər, onlara qarşı mübarizə aparanlar və böyük düşmənçilik edənlər qövmlərin başçıları olmuşdur. Belə aparıcı inkarçıların ən bariz xüsusiyyəti onların təkəbbürlü və lovğa olmasıdır. Bu məsələ ilə bağlı bəzi ayələr aşağıdakı kimidir:


«Saleh tayfasının (iman gətirməyi) özlərinə sığışdırmayan başçıları içərilərindən iman gətirən əlsiz-ayaqsız yoxsullara üz tutub: «Siz Salehin, doğrudan da, Rəbbi tərəfindən göndərilmiş olduğunu bilirsinizmi?» - deyə soruşdular. Onlar: «Bəli, biz onunla göndərilən hər bir şeyə (bütün dini hökmlərə) inanırıq!» - deyə cavab verdilər. (İman gətirməyi) özlərinə ar bilənlər: «Sizin inandığınıza biz inanmırıq!» - dedilər»
(«Əraf» surəsi, 75-76).


«Şüeyb tayfasının iman gətirməyi özlərinə sığışdırmayan əyanları: «Ey Şüeyb! Ya səni və səninlə birlikdə iman gətirənləri məmləkətimizdən mütləq qovacağıq, ya da siz bizim dinimizə dönəcəksiniz!» - dedilər. Şüeyb belə cavab verdi: «Biz istəməsəkdə?»« («Əraf» surəsi, 88).

İnkarçı qövmlərin başçıları lovğalıqda və təkəbbürdə o qədər irəli getmişdilər ki, onlara da peyğəmbər kimi vəhy gəlməyincə Allah`a iman gətirməyəcəklərini elan etmişdilər:

«Beləliklə, hər bir obanın günahkarlarını oranın başçıları təyin etdik ki, onlar orada bacardıqları qədər məkrlə məşğul olsunlar. Onlar yalnız özlərinə qarşı məkr edərlər, lakin bunun fərqinə varmazlar. Onlara bir ayə gəldiyi zaman: «Allah`ın peyğəmbərlərinə verildiyinin misli bizə verilməyincə biz iman gətirməyəcəyik!» - deyərlər. Allah peyğəmbərliyi kimə göndərəcəyini Özü daha yaxşı bilir. Günahkarlar Allah`ın hüzurunda etdikləri məkrlərə görə zillətə və şiddətli əzaba düçar olacaqlar!» («Ənam» surəsi, 123-124).

Onların belə davranmasının ən böyük səbəblərindən biri peyğəmbərlərin Allah tərəfindən seçilib göndərilməsi faktını qəbul edə bilməmələri, elçilərə tabe olub onlara itaət etməyi özlərinin mövqe, şöhrət, zənginlik və etibarlarına sığışdırmamalarıdır. Buna görə də hər bir dövrdə qövmlərin inkarçı başçıları Allah tərəfindən onlara göndərilən elçiləri öz mövcud statuslarına, xalqın gözündəki mövqe və etibarlarına qarşı bir təhdid və təhlükə mənbəyi hesab etmişlər. Bu hal onların peyğəmbərlər və təbliğ etdikləri həqiqətlər qarşısında təkəbbür və nifrətlərinin ortaya qoymalarına səbəb olmuşdur.

«Qövmün aparıcı insanları» anlayışı hər bir dövrdə və hər bir cəmiyyətdə mövcud olan «elita» təbəqəsini təşkil edir. Məlum olduğu kimi, elita təbəqəsinin əsas xüsusiyyəti bu zümrədə cəmləşənlərin var-dövlət və sərvət baxımından çox üstün, nüfuzlu və hörmətli insanlar olması, «dayaqlarının» və yaxın ətraflarının qüvvətli olması, qİsası, zahiri bir gücə malik olmalarıdır. Kitabın əvvəlində də bildirildiyi kimi, qeyd olunan bu xüsusiyyətlər Allah`a iman gətirməyən, dərindən düşünə bilməyən insanlarda təkəbbürə və lovğalığa səbəb olur. Belə insanlar var-dövlət, sərvət, güc və hakimiyyət kimi zahiri xüsusiyyətlərinə güvənərək cəmiyyətdə nüfuz əldə etmək və söz sahibi olmaq istəyirlər. Onlar o qədər təkəbbürlü olurlar ki, bu, onların Allah`a və elçisinə qarşı çıxmalarına səbəb olur. Onlar üstünlüyün təqva (Allah qorxusu) ilə mümkün olması reallığını qəbul etmir, çünki belə olan halda özlərinin heç bir qiymətinin olmadığı üzə çıxacaq. Onların ürəyində güclü bir lovğalanmaq və təkəbbür göstərmək arzusu var. Bu adamların Allah`ı inkar etməsinin əsas səbəbi də elə budur. Onların şüuru və düşüncəsi o qədər qapalı, o qədər küt, o qədər donuqdur ki, öləndən sonra torpağın altına heç nə apara bilməyəcəklərini, varlı, yoxsul, güclü və ya zəif olmasından asılı olmayaraq hamının sonda bir neçə metrlik bezə büküləcəyini, qİsa bir müddətdən sonra yalnız skeletlərinin qalacağını düşünmürlər. Onlar malik olduqları özəlliklərin axirətdə heç bir faydasını görə bilməyəcəklərini ağıllarına da gətirməzlər.

Özünü qövmünün lideri, başbiləni, aparıcı ismi, avanqardı sayan bu cür adamların təkəbbüründən və lovğalığından, eyni zamanda inkarçılığından irəli gələn müəyyən azğın xüsusiyyətləri Quranda möminlərə bildirilib. Burada əsas məqsəd hər dövrdə möminlərin qarşısına çıxaraq onlara düşmənçilik edəcək insanları tanımalarını, onlardan qorunmalarını və onlardan gələ biləcək zərərlərə qarşı tədbir görmələrini təmin etməkdir. Məqsəd həm də budur ki, möminlər belə hallardan ibrət alsınlar və həmin vəziyyətə düşməmək üçün öz hərəkət və davranışlarına diqqət yetirsinlər. Çünki heç bir insan Quranın əmrindən kənarda qala bilməz, möminlər də inkarçılar haqqında olan ayələri özlərinə tətbiq edib düşünərək inkarçılara xas səhvlərdən tamamilə təmizlənməyə çalışmaq kimi bir məsuliyyət daşıyırlar.
Bu səbəbdən də sözügedən «elita» təbəqəsinin Quranda haqqında bəhs olunan əsas xüsusiyyətlərini aşağıdakı başlıqlar altında nəzərdən keçirəcəyik.

İnsanları yoldan azdırmağa səy göstərirlər

Içində yaşadıqları camaatın iman gətirməsi inkarçıları narahat edir, buna görə də onların iman gətirməsini istəmir, bacardıqları qədər onlara mane olmağa çalışırlar. Çünki xalq iman gətirsə, onların üzərində hakimiyyət qurmaq üçün bir zəmin qalmayacaq. Hər şeydən öncə dünyəvi üstünlük ölçülərinin, dəyər meyarlarının hamısı yox olacaq. Üstəlik bütün cəmiyyət insanların gözündə böyük tutulan adamların əslində nə qədər aciz və zəif adamlar olduğunu da anlayacaq. Beləliklə, böyük sayılan bu adamları mədh edərək yüksəldəcək, onlara tabe olacaq adamlar qalmayacaq.

Onlara tabe olan, bir növ öz malları hesab etdikləri və əsasən də təhqir edib alçaltdıqları insanları itirmək başbilənlərin işinə yaramır. Bu adamlar xalqın nəyin bahasına olursa-olsun onların yolu ilə getməsini istəyirlər. Buna görə də xalqı doğru yoldan azdırmaq üçün hər bir yoldan istifadə edir, camaata bəzən hətta hədə-qorxu da gəlirlər. Allah bunun nümunələrini Quranda belə bildirir:


«Şüeyb tayfasının kafir olan əyanları dedilər: «Əgər Şüeybin ardınca getsəniz, şübhəsiz ki, ziyana uğramış olarsınız!»« («Əraf» surəsi, 90).


«Firon (onlara) dedi: «Mən sizə izn vermədən əvvəl siz ona  iman gətirdiniz?» Bu, şübhəsiz ki, əhalisini çıxartmaq məqsədilə şəhərdə qurduğunuz bir hiylədir... Gördüyünüz işlərə görə başınıza nə oyun açacağımı biləcəksiniz!» («Əraf» surəsi, 123).

Vicdanları qəbul etdiyi halda inkar edirlər

Qövmün başçılarının inkarçılığının əsas səbəbi eynilə Fironda olduğu kimi Allah`ın varlığını dərk etməməkdən yox, inadla təkəbbür göstərməkdən irəli gəlir. Onlar Allah`ın və axirətin varlığını dərk etsələr də təkəbbür artıq qəlblərinə keçdiyi üçün buna qarşı çıxırlar. Quranda bu insanlar barədə belə deyilir: «...həqiqiliyinə daxilən möhkəm əmin olduqları halda, haqsız yerə və təkəbbür üzündən onları inkar etdilər...» («Nəml» surəsi, 14).

Bu təkəbbürün səbəbi də bir qədər əvvəl qeyd olunduğu kimi, zənginlik və gücdür:

«Biz hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan zəngin başçıları ancaq: «Biz sizinlə göndərilənləri inkar edirik!» -dedilər. Onlar: «Bizim mal-dövlətimiz və övladımız daha çoxdur və bizə əzab da verilməyəcəkdir» - dedilər» («Səba» surəsi, 34-35).

Halbuki var-dövlət, övlad və insanların sahib olduqları başqa nemətlər Allah`ın rizasına uyğun istifadə edilmədikdə onların heç bir qiyməti və faydası yoxdur. İnsan yalnız Allah`ın dininə faydalı olmaq şərtilə saleh, doğru, yaxşı əməllər sahibi olsa, dünyanın bu müvəqqəti bər-bəzəyinə görə axirətdə bir mükafat gözləyə bilər:

«Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar» («Səba» surəsi, 37).

Atalarının dininə tabe olurlar

Yüksək səviyyədə rifahlı həyat tərzi keçirən bu insanların ən çox istifadə etdiyi (Allah`a qarşı haqsız olaraq verdikləri izah) ifadələrdən biri də gələn elçinin onları atalarının dinindən ayırmağa çalışmaq istədiyini demələridir:

«Ayələrimiz onlara açıq-aşkar olaraq oxunduğu zaman: «Bu ancaq sizi atalarınızın ibadət etdiklərindən döndərmək istəyən bir adamdır!» - deyər və «Bu, uydurma yalandan başqa bir şey deyildir!» - söyləyərlər. Kafir olanlara haqq gəldikdə onun  barəsində: «Bu yalnız açıq-aşkar bir sehrdir!» - deyərlər» («Səba» surəsi, 43).

Təkəbbürlü və lovğa insanların aparıcı simalarının dilindən əsla düşməyən başqa bir məsələ də «atalarının dini»dir. Əlbəttə, bu da onların təkəbbürünün nəticəsində ortaya çıxan bir anlayışdır. Onlar öz ata-babalarının getdiyi yolun doğru olmasından son dərəcə böyük əminliklə danışırlar. Öz nəslini-soyunu, adət-ənənələrini və mədəni irslərini üstün hesab etmələri və özlərindən daha yüksək şüurun varlığını qəbul edə bilməmələri bu adamların ən böyük xəstəlikləridir:

«Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq: «Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!» - dedilər. Hər peyğəmbər öz ümmətinə belə dedi: «Əgər siz atalarınızın sitayiş etdnyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!» Onlar: «Biz sizinlə göndərilənləri inkar edirik!» - deyə cavab verdilər» («Zuxruf»« surəsi, 23-24).

 

Allah`ın göndərdiyi kitablara tabe olmurlar

Təkəbbürlü və lovğa insanların Allah`ın göndərdiyi Kitablara tabe olmadıqları da göz önündədir. Onları bu həddə gətirən amil daxillərində olan «yüksək və hamıdan üstün olma» istəyidir. Onların bu istəklərini Allah`ı inkar etmə məntiqlərindən də görmək olar. Bu inkarçı adamlar özlərindən çox razıdırlar və səhv yolda olduqlarını hətta ehtimal etmək də istəmirlər. Belə adamların şəxsi azğın məntiqlərinə görə, əgər bircə doğru yol varsa, bu da onların getdiyi yoldur:

«Kafir olanlar iman gətirənlər barəsində deyirlər: «Əgər (Quran və ya iman) yaxşı bir şey olsaydı, möminlər bu işdə bizdən qabağa düşə bilməzdilər». Onlar doğru yola gəlmədikləri üçün: «Bu, köhnə yalandır!» -deyəcəklər» («Əhqaf» surəsi, 11).

 

Elçilərə itaət etmirlər

Allah`ın qövmlərə göndərdiyi elçilər çox üstün əxlaqa malik, ağıllı, uzaqgörən və açıq gözlü, həmçinin Allah tərəfindən xüsusi olaraq seçilib hikmət verilmiş insanlardır. Belə ki, bir ayədə «Allah istədiyi şəxsə hikmət bəxş edər. Kimə hikmət bəxş edilmişsə, ona çoxlu xeyir verilmişdir. Bunu ancaq ağıllı adamlar dərk edərlər!» («Bəqərə» surəsi, 269) şəklində ifadə edilərək elçilərin xeyir verilməyə layiq insanlar olduğu bildirilmişdir.

Həmin elm sahibi olan insanlar təqva, bilik və ağıl cəhətdən üstün olmaları səbəbilə möminlər üçün çox qiymətli adamlardır. Qövmün yüksək səviyyədə rifahlı həyat tərzi keçirməkdən azğınlaşmış başçıları isə təkəbbür göstərərək cəmiyyətin ən etibarlı və ən qiymətli insanları olan elçilərə qarşı çıxırlar. Bununla da kifayətlənməyərək onları təhqir edir, iftira atır, hətta bir hiylə ilə onları öldürmək də istəyirlər. Bu hal onların qəlbindəki təkəbbür xəstəliyindən irəli gəlir. Onların içindəki təkəbbür Allah`a səmimi şəkildə iman gətirmələrini əngəlləyib inkar etmələrinə səbəb olur:

«Məgər səndən əvvəlki Nuh, Ad, Səmud tayfalarının və onlardan sonra gəlib getmiş, ancaq Allah`ın bildiyi ümmətlərin xəbərləri sizə gəlib çatmadımı? Peyğəmbərləri onlara açıq-aşkar möcüzələrlə gəlmişdilər. Onlar əllərini ağızlarına qoyub: «Biz sizinlə göndərilənlərə inanmırıq və bizi dəvət etdiyiniz barəsində də möhkəm bir şəkk-şübhə içindəyik!» - demişdilər» («İbrahim» surəsi, 9).

Həddini aşmış bu lovğa, təkəbbürlü və azğın insanların haqq yoluna dəvət edildikləri zaman peyğəmbərlərə qarşı necə davrandıqları və necə bir məntiqsizlik sərgilədikləri Quranda belə bildirilir:

«Nuh qövmünün kafir başçıları dedilər: «Bu sizin kimi yalnız adi bir insandır. Sizə böyüklük etmək istəyir. Əgər Allah istəsəydi, mələklər göndərərdi. Biz bunu ulu babalarımızdan eşitməmişik» («Muminun» surəsi, 24).

«Tayfasının kafir olan, axirətə qovuşacaqlarını yalan hesab edən və dünyada nemət verdiyimiz əyan-əşrafı dedilər: «Bu sizin kimi ancaq adi bir insandır; yediyinizdən yeyir, içdi yinizdən içir» («Muminun» surəsi, 33).

Bu ayələrdə diqqəti cəlb edən məqam aparıcı inkarçıların elçilərdən möcüzə göstərməyi gözləmələridir. Elçilərin ağıl, elm, əxlaq, fəzilət, mənəviyyat və bunun kimi bir çox nemətlər baxımından seçilmiş üstünlüklərə malik olması inkarçıların qüruruna sığmamış, həmin həqiqəti qəbul etmək istəmədiklərinə görə də onları adi insan olmaqda günahlandırmış və elçilərdən bəzi möcüzələr göstərməyi tələb etmişdilər. Hətta peyğəmbərlərin yemək yeməsi, su içməsi kimi bəşəri cəhətlərini də çaşqınlıqla qarşılamış, bu cəhətləri də onlara inanmamaq üçün bir bəhanəyə çevirmişdilər. Belə ki, inadkarlıq edən avanqard inkarçılar elçilərdən hətta möcüzə görsəydilər də onlara inanmayacaqdılar:

«Onlar dedilər: «Sən bizi ovsunlamaq üçün nə möcüzə gətirsən də, yenə sənə iman gətirən deyilik!»« («Əraf» surəsi, 132).

Aparıcı inkarçıları daha çox narahat edən məsələ əllərində olan güc, etibar və hakimiyyətə baxmayaraq onların özlərindən olmayan, həmçinin onların özlərini və sistemlərini pisləyən bir insanın din əxlaqını təbliğ edib yayması və bu insanın cəmiyyət tərəfindən də qəbul edilməsidir. İnkarçılar bu hadisəni tamamilə şəxsi mübarizə kimi görmüş və peyğəmbərin onlardan üstün olmasını qəbul edə bilməmişdilər. Bu səbəbdən Peyğəmbərimizə (s.ə.v.) qarşı da hücumlar etmiş, «Məgər bu Quran iki şəhərdən olan böyük bir adama nazil edilməli deyildimi?» («Zuxruf» surəsi, 31) deyərək özləri kimi aparıcı inkarçılardan birinin peyğəmbərlik etməsini tələb etmişdilər. Onların bu istəklərinin müqabilində isə Allah belə buyurur:


«Məgər sənin Rəbbinin mərhəmətini onlarmı paylaşdırırlar?!» («Zuxruf» surəsi, 32).
Elçilərə müxtəlif yollarla zərər vurmaq istəyirlər
«Firon tayfasının əyanları dedilər: «Şübhəsiz ki, bu çox bilikli bir sehrbazdır» («Əraf» surəsi, 109).

«Firon tayfasının əyan-əşrafı dedilər: «Musanı və tayfasını fitnə-fəsad törətmək, həm səni, həm də sənin tanrılarını atıb getmək üçünmü buraxacaqsan?» Firon onlara belə cavab verdi: «Biz onların oğullarını öldürəcək, qadınlarını isə diri saxlayacağıq. Biz onlara, mütləq, qələbə çalacağıq!» («Əraf» surəsi, 127).

Ayələrdən də aydın olduğu kimi, Fironla bərabər qövmünün digər aparıcı şəxsləri də çox azğın insanlar idi. Hətta Fironu bu məsələ bağlı daim aqressiv davranmağa təşviq edənlər də elə onlar idi. Onlar sehrbazlıq və azğınlıq kimi ittihamlarla Fironun Hz.Musaya və onunla olanlara qarşı daha da azğınlaşacağını ehtimal etmiş və möminlərə qarşı qəddar bir qərar verməsini təmin etməyə çalışmışdılar.

Qövmün aparıcı inkarçılarının onların batil sistemini kökündən sarsıdan elçilərə qarşı olduqca hörmətsiz şəkildə davranması mütəmadi hal almış və bu vəziyyət Quranda tez-tez ifadə edilmişdir. İnkarçıların elçilərə qarşı davranışları çox çirkin bir hörmətsizlik nümayişi şəklində idi. Bu məsələ ilə bağlı bir neçə nümunə aşağıdakı kimidir:

«Tayfasının başçıları ona: «Biz səni açıq-aydın azmış görürük!, - deyə cavab verdilər» («Əraf» surəsi, 60).

«Tayfanın kafir başçıları ona: «Biz səni səfehlik içində görür və yalançılardın hesab edirik!» - deyə cavab verdilər» («Əraf» surəsi, 66).

Allah`ın göndərdiyi elçilərin ən mühüm xüsusiyyəti onların ağıllı olması idi. Çünki Allah`ı layiqincə qiymətləndirib təqdir edə bilmək, dini dərk etmək və din əxlaqına uyğun şəkildə yaşaya bilmək məhz ağıla bağlı olan məsələdir. Buna görə də Allah`ın təqdir edilib qiymətləndirilməsinə cavab olaraq inkarçıların elçilərə ünvanlanan həmin «ağılsızlıq» ittihamları həm öz kompleks və qısqanclıqlarını ört-basdır etmək, həm də elçilərin arxasınca gələn xalqlara mənfi təsir göstərmək məqsədi daşıyırdı. İnkarçılar bu davranışları ilə reallıqları ağılla dərk edə bilməyən adamların əslində elə özləri olduğunu nümayiş etdirirdilər.

 

Qazdıqları quyulara özləri düşürlər

Aydın olduğu kimi, inkarçıların aparıcı şəxslərinin hər dövrdə ortaq xüsusiyyəti olan çirkin cəsarət və qorxmazlıq demək olar ki, həmişə eynidir. Eyni zamanda aldıqları cavab da eynidir. Bu, əsrlər boyu belə olmuşdur. Qabaqda gedən azğın adamların qurduğu tələlər həmişə boşa çıxmış, iş hətta bununla da bitməmiş, qazdıqları quyulara özləri düşmüşlər. Allah`ın insanlar arasında tətbiq etdiyi dəyişilməz sünnəsi ilə bağlı bir ayədə belə buyrulur:

«Yer üzündə təkəbbür göstərmələri və pis əməlləri ucbatından idi. Pis əməl ancaq onun öz sahibinin başında çatlayar. Məgər onlar Allah`ın adəti üzrə özlərindən əvvəlkilərin düçar olduqları müsibətlərimi gözləyirlər? Sən Allah`ın qoyduğu qayda-qanun da heç bir dəyişiklik tapmazsan!» («Fatir» surəsi, 43).