Təkəbbürlü insanların başçısı şeytandır

Şeytanın təkəbbür göstərməsi və buna görə də Allah`ın hüzurundan qovulması Quranda insanlara bir ibrət kimi göstərilir. Bu kitabın girişində də toxunduğumuz kimi, Allah Hz.Adəmi yaratmış və mələklərə ona səcdə etmələrini əmr etmişdi. Mələklər Allah`ın əmrini yerinə yetirdikləri zaman cinlərdən olan İblis Hz.Adəmə səcdə etməmişdi. O, özünün insandan üstün yaradıldığı iddiasını irəli sürmüş və itaətsizlik nümayiş etdirmişdi. Bu hərəkəti də onun Allah`ın hüzurundan qovulmasına səbəb olmuşdu.
Quranda şeytan haqqındakı hekayədə İblisin Allah`a qarşı çıxmasının səbəbi belə izah edilir:

«Allah: «Mən sənə əmr edəndə sənə səcdə etməyə nə mane oldu?» - deyə buyurdu. (İblis:) «Mən ondan daha yaxşıyam, çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!» - dedi» («Əraf» surəsi, 12).

İblis özünün daha üstün varlıq olması iddiasını irəli sürərək insana səcdə etməyi rədd edir. Lakin onun üsyan etməsinin əsasında dayanan arqument çox çürük və mənasızdır. O, özünün oddan, insanın isə palçıqdan yaradıldığını bildirir və odun palçığa nisbətən daha üstün bir maddə olması fikrini irəli sürür. Yəni onun təkəbbür göstərməsinin səbəbləri iki maddə arasında olan fiziki quruluş fərqinə söykənir. Lakin palçıqdan yaxud da oddan yaradılmalarından asılı olmayaraq həm İblis, həm də insan Allah tərəfindən yaradılmış varlıqlardır. Yaradılmış varlığın özünün yaradıldığı maddəni əsas götürməklə onu Yaradanın əmrinə qarşı çıxması həm böyük bir ağılsızlıq, həm də böyük bir nankorluqdur.

Bunlarla yanaşı İblisin özünü üstün hesab etdiyi məqam diqqətlə incələnəndə onun hətta zahirən də nə qədər yanıldığı, gümanının nə qədər səhv olduğu asanlıqla aydın olur. Od palçıqdan zahirən daha parıltılı və nəzərəçarpan ola bilər, lakin torpağın tərkibi bir çox mineral və maddələrlə zəngindir. Bütün qiymətli maddələr və daşlar torpağın tərkibindədir. Allah diləməsə, torpaq asanlıqla sıradan çıxmaz, yox olmaz, lakin od bir anda sönə bilər. Torpağın başqa bir üstün xüsusiyyəti də var. Belə ki, torpaq odun üzərinə atılanda onu söndürür.

Bütün bunları hələ bir kənara qoyaq, Allah`ın verdiyi hökmün çək-çevirə salınmasından, saf-çürük edilməsindən, onun müzakirəyə çıxarılmasından hansı səbəblə olursa-olsun söhbət belə gedə bilməz. Lakin İblisin təkəbbürü onun ağıllı davranmamasına, bütün varlıqların tək və şəriksiz Yaradıcısı olan Uca Allah`ın yüksək qüdrətini dərk etməməsinə, Onu lazımınca təqdir edib qiymətləndirməməsinə səbəb olmuşdur. Bu ağılsızlığının bir nəticəsi kimi də sadə bir fiziki fərq onun aldanması üçün kifayət etmişdir. İblis Allah`ın hüzurunda olmasına, cənnətdəki gözəlliyi və cəhənnəmdəki əzabı bilməsinə baxmayaraq təkəbbüründən irəli gələn bu aldanışı onun öz Yaradanının əmrinə qarşı çıxmasına səbəb olmuşdur:

«Yadına sal ki, bir zaman mələklərə: «Adəmə səcdə edin!» -deyə əmr etmişdik. İblisdən başqa hamısı səcdə etdilər. İblis: «Sənin palçıqdan yaratdığına mən səcdə edərəmmi?!» -demişdi» (“İsra» surəsi, 61).

Ayədəki son ifadə İblisin nə qədər təkəbbürlü olmasının göstəricisidir. Başqa birisinin yüksəldilməsi, özünün isə arxa planda qalması, hətta həmin o kimsəyə səcdə etməsinin ondan tələb olunması İblisin həmin ana qədər öz daxilində gizlətdiyi təkəbbür hissini üzə çıxardı. İblis belə bir halın ona verdiyi şüursuzluq içində də Allah`a qarşı çıxdı, Uca Yaradanı lazımınca təqdir edə bilmədi, Ona qarşı hörmətsiz davrandı (Allah`ı bunlardan uzaq tuturuq). Bu hərəkətinə görə Allah Quranda şeytana belə buyurur:

«Ey İblis! Sənə mənim Öz əlimlə yaratdığıma səcdə etməyə nə mane oldu? Təkəbbür göstərdin, yoxsa özünü yuxarı tutdun?»
(«Səd» surəsi, 75)

Şeytanın özünü yüksəltmək üçün Allah`a qarşı qaldırdığı üsyan tərsinə çevrilərək onun elə öz başında çatladı. Allah şeytanın batil yoluna tabe olan bütün təkəbbürlü insanlara ibrət olsun deyə şeytanı alçaltdı və onu cənnətdən qovdu:

«Allah buyurdu: «Oradan rüsvay olmuş və qovulmuş halda çıx. Onlardan hər kim sənə uysa, əlbəttə, cəhənnəmi sizin hamınızla dolduracağam!» («Əraf» surəsi, 18).

Ayələrdən də gördüyümüz kimi, şeytanın ən böyük ağılsızlığı onun öz məntiqsizliyi ilə şərhlər verməsi və bunları həqiqət kimi qəbul etməsidir. Belə bir məntiqsizlik şeytanın felinə uyan və içində «şeytani təkəbbür» daşıyan hər bir insanda rast gəldiyimiz başlıca cəhətlərdən biridir. Təkəbbürün insanı nə dərəcədə kor etməsi şeytanın və ona tabe olanların onları yaradan sonsuz qüdrət sahibi Allah`a qarşı üsyan etmələrindən də aydın şəkildə görünür. Bütün hadisələri yalnız bir nöqteyi-nəzərdən, öz mənfəəti və razılığı çərçivəsində qiymətləndirən bir insanın bəsirət gözünün tamamilə kor olması da çox təbii haldır. Belə insanlar hər şeyi olduğundan daha fərqli şəkildə qəbul edir və tam əksinə olan şərhlər verirlər.