Təkəbbürlü olmağın səbəbləri

Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, təkəbbürlülüyün əsasında insanın özünü Allah`dan asılı olmayan bir varlıq kimi görüb malik olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlanmasını güman etməsi, bu səbəbdən də özünə «mənlik» kimi bir hiss verməsi dayanır. Halbuki bunun nə qədər cəfəng bir məntiq olduğunu görmək üçün müəyyən bir inanca və etiqada malik olmağa heç bir ehtiyac yoxdur.

Əgər insan bir qədər düşünsə, bu dünyaya öz istəyi ilə gəlmədiyini, burada nə qədər qalacağını bilmədiyini, malik olduğu fiziki xüsusiyyətlərin ona şəxsi istəyinə əsasən verilmədiyini asanlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin müvəqqəti olduğunu və onların nəhayət bir gün yox olacağını dərk edər. Bütün bu qeyd olunanlar həmin insanın tamamilə aciz olmasının, heç nəyin, hətta əlində olan ən böyük şeylərin də əslində ona aid və onun nəzarətində olmamasının ən böyük dəlilləridir. Bunlar barədə bir qədər də dərindən düşündüyümüz zaman həmin dəlillərin sayını artırmaq olar. Bütün bu həqiqətlərdən sonra bir insanın təkəbbürlülük göstərib lovğalanmasının nə qədər alçaldıcı, nə qədər ağıldan və məntiqdənkənar bir hərəkət olması göz qabağındadır. Lakin əksər insanlar hətta belə sadə həqiqətləri də dərk etməyəcək və ya unudacaq bir şüursuzluq içində yaşayırlar. Elə bu səbəbdən də yaşadığımız dövrdə bir qədər az və ya çox şəkildə təkəbbür göstərməyən, lovğalanmayan insana rast gəlmək çox çətindir.

Halbuki Allah`ın böyüklüyünü, Onun bütün mövcud olanları yoxdan yaratdığını, insanların malik olduğu bütün imkanların və özəlliklərin onlara Allah tərəfindən verildiyini, Allah`ın dilədiyi anda hər şeyi onlardan ala biləcəyini, bütün canlıların bir gün öləcəyini, əbədi qalan (baqi, yəni varlığının sonu olmayan) varlığın yalnız Allah olduğunu bilən və daim bunu düşünən bir insanın təkəbbürlü və lovğa olub azğınlıq etməsi qeyri-mümkündür. Yalnız bütün bunları dərk edə bilməyən, öz qüsurlarını, acizliyini və sonda öləcəyini unudan insan belə bir şeyə cürət edə bilər.

Təkəbbürlülüyə səbəb olan amillər çox müxtəlifdir. Bəzən bir insanın əhəmiyyət vermədiyi bir məsələ digər bir insan üçün lovğalanmağa ən böyük səbəb ola bilər. Lakin bütövlükdə təkəbbür göstərib lovğalanmağa səbəb olan amillər bir çox insanlarda eynidir. Bu amillər bir insanın malik olduğu fiziki və ya əqli, maddi və ya mənəvi imkan və xüsusiyyətlərdən qaynaqlanır. Ən çox rast gəlinən səbəblər isə aşağıdakılardır:

* güc və zənginlik;
* gözəllik və gənclik;
* vəzifə, ictimai mövqe və nüfuz;
* zəka, mədəniyyət və təhsil səviyyəsi.

Əlbəttə, bütün bu xüsusiyyətləri öz aralarında təsnifləşdirərək çoxaltmaq da olar. Burada insanın düşdüyü mühitə və şəraitə görə təkəbbür göstərə biləcəyi başqa səbəblər də ola bilər. Lakin əsas etibarilə ətrafındakı adamların təkəbbür göstərməsinin səbəblərini araşdıran hər bir insan yuxarıda qeyd olunan xüsusiyyətlərdən birinə və ya bir neçəsinə mütləq rast gələcək.

Yuxarıda sadalanan bu xüsusiyyətlərə ayrı-ayrılıqda diqqət yetirildiyi zaman bütün bunların müvəqqəti amillər olması, insanın bunlara əbədi şəkildə sahib ola bilməyəcəyi aydın olur. Bir insan nə qədər gözəl, nə qədər varlı, nə qədər ağıllı olursa-olsun, bütün bunlar müvəqqətidir və onlar bəlkə 50 il, bəlkə 80 il və ya ən çoxu 100 il davam edə bilər... Dünyanın hətta ən varlı insanı da, ən gözəl qadını da bundan artıq həyat sürə bilməz. Nəhayət, hər zaman qaçdığı ölüm insanı bir gün haqlayacaq və öyündüyü bütün cəhətlərini onun əlindən alacaq. Həmçinin bunu da yaddan çıxarmamaq lazımdır ki, heç bir insan həyatı boyu bütün istədiklərinə nail olacağına və onları bir daha itirməyəcəyinə əmin ola bilməz; onun buna heç bir zəmanəti yoxdur. İnsan sahib olduğu üçün lovğalandığı bütün maddi və mənəvi imkanları hər zaman itirə bilər. Biz insanlar ətrafımızda buna bənzər hadisələrlə tez-tez rastlaşırıq. Dünya həyatının əsl tərəfləri müqəddəs Qurani-Kərimdə də bütün insanların nəsihət alıb dərk edəcəyi şəkildə bildirilmişdir:

«Bilin ki, dünya həyatı oyun-oyuncaq, bər-bəzək, bir-birinizin qarşısında öyünmək və mal-dövləti, oğul-uşağı çoxaltmaqdan ibarətdir. Bu elə bir yağışa bənzəyir ki, onun yetişdirdiyi məhsul əkinçilərin xoşuna gələr. Sonra o quruyar və sən onun saralıb solduğunu, daha sonra çör-çöpə döndüyünü görərsən. Axirətdə şiddətli əzab, Allah`dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı aldanışdan başqa bir şey deyildir» («Hədid» surəsi, 20).

Bir qədər əvvəl də bildirdiyimiz kimi, təkəbbürə və lovğalığa səbəb olan bu xüsusiyyətlər əslində insana aid olan üstünlüklər deyil. Bütün bunlar Allah`ın insanlara Ona şükr etmək üçün verdiyi nemətlərdir. Lakin insan bu nemətləri ona verənin Allah olması həqiqəti və onların insana verilmə məqsədi barədə düşünmədikdə insanın təkəbbürü artır və o, əlində olan bütün nemətlərin mənbəyinin elə özü olduğunu güman etməyə başlayır.

İndi isə təkəbbür və lovğalığa səbəb olan bu xüsusiyyətləri və insanın vərdiş halına çevirdiyi həyatın iç üzünü, həmçinin bu həyatın müvəqqəti olması həqiqətini bir-bir nəzərdən keçirək...

Güc və zənginlik

Gözəllik və gənclik

Vəzifə, ictimai mövqe və nüfuz

Zəka, mədəniyyət və təhsil səviyyəsi