Bir qədər əvvəl də qeyd etdiyimiz kimi, təkəbbürlülüyün əsasında insanın özünü Allah`dan asılı olmayan bir varlıq kimi görüb malik olduğu bəzi xüsusiyyətlərin özündən qaynaqlanmasını güman etməsi, bu səbəbdən də özünə «mənlik» kimi bir hiss verməsi dayanır. Halbuki bunun nə qədər cəfəng bir məntiq olduğunu görmək üçün müəyyən bir inanca və etiqada malik olmağa heç bir ehtiyac yoxdur.

Əgər insan bir qədər düşünsə, bu dünyaya öz istəyi ilə gəlmədiyini, burada nə qədər qalacağını bilmədiyini, malik olduğu fiziki xüsusiyyətlərin ona şəxsi istəyinə əsasən verilmədiyini asanlıqla görə bilər. Öz bədəni də daxil olmaqla sahib olduğu hər şeyin müvəqqəti olduğunu və onların nəhayət bir gün yox olacağını dərk edər. Bütün bu qeyd olunanlar həmin insanın tamamilə aciz olmasının, heç nəyin, hətta əlində olan ən böyük şeylərin də əslində ona aid və onun nəzarətində olmamasının ən böyük dəlilləridir. Bunlar barədə bir qədər də dərindən düşündüyümüz zaman həmin dəlillərin sayını artırmaq olar. Bütün bu həqiqətlərdən sonra bir insanın təkəbbürlülük göstərib lovğalanmasının nə qədər alçaldıcı, nə qədər ağıldan və məntiqdənkənar bir hərəkət olması göz qabağındadır. Lakin əksər insanlar hətta belə sadə həqiqətləri də dərk etməyəcək və ya unudacaq bir şüursuzluq içində yaşayırlar. Elə bu səbəbdən də yaşadığımız dövrdə bir qədər az və ya çox şəkildə təkəbbür göstərməyən, lovğalanmayan insana rast gəlmək çox çətindir.

Davamı