Bura qədər də bəhs etdiyimiz kimi, qövmlərin bütün inkarçı başbilənləri hər bir dövrdə eyni azğınlıq və üsyankarlıqla ortaya çıxmışdı. Bu inkarçı başbilənlər onları doğru yola dəvət etmək üçün Allah`ın göndərdiyi elçiləri təkəbbür göstərərək yalançı hesab etmiş, onlara qarşı çıxaraq doğrunu inkar etmişdilər. Onlar Allah`a qarşı olduqlarına görə də bunun cavabını bu dünyada və axirətdə buna müvafiq şəkildə almışlar.

İndi isə inkarçıların aparıcı simalarının Quranda haqqında bəhs olunan qövmlərə və onlara göndərilmiş peyğəmbərlərə qarşı olan davranışlarını bir-bir nəzərdən keçirək.

Nuh qövmü

Nuh qövmünün aparıcı inkarçıları da tarixdəki oxşarları kimi olduqca lovğa və təkəbbürlü idilər. Hz.Nuh onları dinə dəvət etdiyi zaman onların arasından çox az sayda insan onun bu dəvətinə cavab vermişdi. Buna baxmayaraq Hz.Nuh onların axirət əzabına düçar olmaması üçün böyük səy göstərmişdi. Lakin Hz.Nuhun bütün səylərinin müqabilində qövmünün ona cavabı belə olmuşdu:

«Nuh tayfasının kafir əyan-əşrafı dedilər: «Biz səni ancaq özümüz kimi adi bir insan sayır, elə ilk baxışda yalnız içimizdəki səfillərin sənə uyduğunu görürük. Eyni zamanda sizin, bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik!»« («Hud» surəsi, 27).

Azğın ifadələrindən təkəbbürləri asanlıqla sezilən bu adamlar Hz.Nuhun yanındakı insanları da təhqir etmişdilər. İnkarçıların fikrincə, üstünlük yalnız var-dövlətə, mal-mülkə, çoxlu övlada, mövqe və vəzifə cəhətdən yüksək olmağa bağlı bir nəsnədir və buna görə də onlar peyğəmbərə tabe olan möminlərdə də bu xüsusiyyətləri axtarmışdılar. Əsl üstünlüyün əxlaqla, Allah`a olan yaxınlıqla bağlı olduğunu isə heç düşünməmişdilər. Nuh qövmünün öz elçilərinə münasibətdə istifadə etdiyi təkəbbür və lovğalıq dolu davranış üsulu aşağıdakı ayələrdən açıq şəkildə görünür:

Davamı