Quranda xəbər verilən «Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər» («Səcdə» surəsi, 15) ayəsindən də aydın olur ki, imanın ən mühüm şərtlərindən və ən bariz əlamətlərindən biri təkəbbür göstərməməkdir. Möminlər isə «Səcdə» surəsindəki bu ayəyə əsasən və Allah`ın lovğalanıb təkəbbür göstərən insanları sevməyəcəyini («Nİsa» surəsi, 36) bildiklərinə görə daim təvazökarlıq göstərirlər:

«Rəhmanın bəndələri o kəslərdir ki, onlar yer üzündə təvazökarlıqla gəzər, cahillər onlara söz atdıqları zaman salam deyərlər» («Furqan» surəsi, 63).
Din əxlaqı özü ilə bərabər Allah`a səmimi şəkildə iman gətirməyi və Ona təslim olmağı, təslimiyyət isə həmin möminin öz acizliyini və zəifliyini dərk etməsini gətirir. Hər şeyin Allah`a aid olduğunu və özlərinin də Onun qarşısındakı çatışmazlıq və qüsurlarını, zəiflik və acizliklərini bilən möminlər Rəbbimizin yaratdığı digər bəndələrə qarşı da təbii olaraq bir təvazökarlıq göstərirlər.

Təkəbbürün və təvazökarlığın ən çox insanlar arasındakı münasibətlərdə ortaya çıxdığını demək əslində səhv olmazdı. Təkəbbür bəndənin Allah qarşısında lovğalanması, özünü böyük tutması olduğu halda yenə də əsasən insanlara qarşı göstərilir. Çünki birbaşa Allah`a qarşı təkəbbürlü olmaq çox az insanın cürət edəcəyi bir dəlilikdir. Bu, Firona və azğınlıqdan gözü bağlanan onun kimi insanlara xasdır. Bunun əksinə olaraq təkəbbürlü insanların çoxu bu günahı Allah`a qarşı etsələr də əslində Allah`a qarşı açıq şəkildə təkəbbür göstərmirlər, təkəbbürlərini əsasən Allah`ın bəndələrinə qarşı göstərirlər.
İblis də onlardan biridir. O da Hz.Adəmə səcdə etməyi qəbul etməmişdi. İblis Allah`ın sonsuz qüdrətini bilib tanıdığı üçün Onun qarşısında açıq şəkildə üstünlük iddiasına düşməsi qeyri-mümkün idi. Lakin İblis Allah`ın «Adəmə səcdə et» əmrini öz qüruruna sığışdırmamış, Hz.Adəmə qarşı təkəbbür göstərmişdi ki, bu da əslində Allah`a qarşı üsyan etmək demək idi. Dolayısı ilə belə deyə bilərik ki, Allah qarşısında böyük bir günah sayılan təkəbbürün üzə çıxdığı məqam bir insanın başqaları ilə olan münasibətidir.

Davamı