Təkəbbür insanın ətraf aləmə qarşı daim quru və laqeyd davranmasına səbəb olduğuna görə bir müddət sonra onda böyük bir narahatlıq və stress əmələ gətirir. Səhv etmək, tənqid olunmaq, alçalmaq, nüfuzunu itirmək, önə çıxmaq, üstün olmaq, baxıb lovğalandığı şeylərini itirmək kimi qayğılar insanı çox yorur, ondan daim diqqətli olmağı tələb edir. Bu da stress və narahatlığın meydana çıxması üçün ideal şərait yaradır. Buna görə də təkəbbürlü insanın üzünün ifadəsi və ruhi vəziyyəti təvəkkül (Allah`a qəlbən güvənən) sahibi olan təvazökar insanın analoji vəziyyətindən çox fərqlənir.
Təkəbbürlü insanlar stress və narahatlıq içində keçirdikləri həyatları ilə ətraflarına verdikləri zərərdən daha artığını öz orqanizmlərinə verirlər. Lakin onların əksəriyyəti bunun fərqinə vara bilmir. Onlar öz yaxın ətraflarına hər zaman ən yaxşı və ən üstün görünmək istədiklərinə görə beyinlərində böyük bir gərginlik var. Bunun əlamətlərini onların bütün orqanizmində görmək mümkündür.
Lovğa və təkəbbürlü adamların daxili gərginliyi, stressi və narahatçılığı onların vücudunda müxtəlif təsir və əlamətlərlə ortaya çıxır. Məsələn, belə adamların saçları gec uzanır, cod və cansız olur. Dəriləri təravətini itirmiş kimi görünür, quru və yaşlı insanın dərisini xatırladır. Qocalığın və yaşlılığın əlamətləri özünü çox tez büruzə verir. Dərilərində ani surətdə qırışlar yarana bilir. Ağızlarında quruluq olur. Zahiri cəhətdən çox gözəgəlimli insanlar olsalar da diqqət yetirildiyi zaman vücudlarında mənfi bir təsir dərhal gözə çarpır. Gözlərinin canlılığı itir, baxışları donuq görünüş alır. Üz əzələlərinin yığıldığı və təbii olmadığı çox asanlıqla sezilir. Qadınların dərilərində təkəbbürün təsiri ilə anlaşılmaz bir şəkildə kişiləşmə əlamətləri ortaya çıxır, onların dərisi qalınlaşır, tüklənir, damarları çıxır, əllərində olan sümüklər aydın görünür, həmçinin dərilərində saralma halları olur.
Təkəbbürlü və lovğa insan fiziki baxımdan nə qədər gözəl və gözəgəlimli olsa da onun təkəbbürdən və ağılsızlıqdan irəli gələn cismani qüsurları dərhal nəzərə çarpır. Lakin bununla yanaşı səmimi və təvazökar bir mömin,-o, hətta orta gözəllikdə də olsa,-gözə imanın təsiri ilə daha xoş və şirin gələ bilər.
Başqa bir tərəfdən isə təkəbbürlü və lovğa insanlarda diqqəti onların danışıq qüsurları cəlb edir. Belə adamlar rahat, rəvan, səlis və səmimi danışa bilmirlər. Belə insanlar yalnız öz ağıllarını bəyəndiklərinə görə onların məntiqi çox nizamsız və anlaşılmaz olur. Onlar səmimi və hikmətli danışmaq əvəzinə öz qüsurlarını örtə biləcək şəkildə gəlişigözəl sözlər deyir, səhvlərinin ortaya çıxmasının qarşısını almaq və yaxud da insanların etimadını qazanmaq məqsədilə danışırlar. Buna görə də qurduqları hər bir cümlə həm ağılsız olur, həm də onun doğru olmaması dərhal üzə çıxır. Xüsusən də nəfsləri sıxıldığı zaman, yəni səhvləri ortaya çıxanda və ya xoşlamadıqları bir şey xatırlananda bütün bu xüsusiyyətlər özünü daha aydın büruzə verir.