Təkəbbürün, yəni özünü üstün hesab etmənin başqa bir növü də gizli təkəbbürdür. Gizli təkəbbürə malik olan insanlar davranış baxımından klassik təkəbbürlü insanlardan fərqlənirlər. Onların arasında olan ən böyük fərq təkəbbürlü insanın kənardan çox asanlıqla bilinməsi, gizli təkəbbürə malik olanların isə kənardan uzun müddət tanınmamasıdır.

Təkəbbürlü insanlar öz lovğalıq və təkəbbürünü büruzə verməkdən, özlərini açıq şəkildə böyük göstərməkdən çəkinmirlər. Digərləri isə öz təkəbbürünü gizləyir. Şeytani bir düşüncəyə malik olan bu insanlar öz təkəbbür və lovğalıqlarının nəzərə çarpmaması üçün böyük səylər göstərirlər. Əlbəttə ki, burada insanın ağlına belə suallar gəlir: Bu insanlar öz təkəbbürlərini niyə gizlədirlər? Nə üçün buna belə böyük səy göstərirlər?

Bunun müxtəlif səbəbləri var. Klassik təkəbbürlü insanlardan fərqli olaraq daha ağıllı olan bu insanlar əslində nəyin doğru, nəyinsə səhv olduğunu yaxşı bilirlər. Bu səbəblə də təkəbbürün və lovğalığın digər insanlarda mənfi hisslər doğuracağını və onları təbii şəkildə əsəbiləşdirəcəyini anlayırlar. Belələri insanların etibarını qazanmağa olduqca böyük əhəmiyyət verdiklərinə görə onların etibarını itirməmək məqsədilə öz təkəbbürlərini gizləməyə üstünlük verirlər. Təvazökar olmağın bir üstünlük, bir müsbət cəhət olduğunu bildiklərinə görə də elə görünməyə çalışırlar.

Həmin insanlar inanırlar ki, gizli şəkildə «ən ağıllı», «ən haqlı» adamlar elə onların özləridir. Onlar özlərini öz gözlərində demək olar ki, tanrılaşdırır, bu halda da hər hansı bir qüsuru və ya səhvi özlərinə sığışdıra bilmirlər. Bu səbəbdən də öz daxili aləmlərini ətrafdakılara, yəni başqa insanlara bildirməməyə çalışırlar. Buna görə də özlərini təkəbbürlü göstərmək istəmir, bundan çox utanırlar. Belə adamlar yalnız Allah`dan qorxmalı, yalnız Ondan çəkinməli olduqları halda sadəcə olaraq insanların etibarını itirməkdən qorxurlar.

Belə insanların ən çox xoşladığı şeylərdən biri də insanlara öz qəlblərində, gizli şəkildə, arxada lağ etməkdir. Onlar öz nəfslərini bu yolla təmin etmək istəyirlər. Hər zaman olduğu kimi bunun da kənardan sezilməməsinə diqqət yetirirlər.

Belə adamlar öz təkəbbürlərini olduqca şeytani bir şəkildə gizlədirlər. Burada ilk öncə bunu qeyd etmək lazımdır ki, belə insanlar düşdükləri mühitdə özləri barədə ən ideal insan təsəvvürü yaratmaq istəyirlər. İnsanların onları «təmiz qəlbli» adam kimi tanıması onlar üçün həyati əhəmiyyətli məsələlərdən biridir. Bu səbəblə də özlərini qüsursuz və günahsız göstərməyə çalışırlar. Beləliklə də insanların rəğbətini və sevgisini qazanmaq, ətrafdakılar tərəfindən qiymətləndirilmək və bəyənilmək, insanların gözündə ucalmaq, bunun sayəsində isə təkəbbürlərini gizli-gizli davam etdirmək istəyirlər.

Davamı